Ötən ay qida zəhərlənməsindən 108 nəfər zərər çəkib

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2013-cü ilin aprel ayı ərzində gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 97 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 21 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 28 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 832, mikrobioloji göstəricilərinə görə 859, toksikoloji göstəricilərinə görə 144, radioloji göstəricilərinə görə 32 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 13-də orqanoleptik və fiziki-kimyəvi, 10-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən edilib. Şadlıq evlərindən 3137 yaxma nümunəsi, 53 soyuq qəlyanaltı nümunəsi götürülüb, 54 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

Aprel ayı ərzində əhali arasında 89 qida zəhərlənməsi hadisəsi baş verib, 108 nəfər zərərçəkən olub. O cümlədən 5 botulizm hadisəsi baş verib, nəticədə 5 nəfər zərər çəkib.

AzNews.az