“Müharibəni başlamağın vaxtı artıq çatıb” - BƏYANAT

Qarabağ Azadlıq Təşkilatı (QAT) moldovalı insan haqları üzrə vəkil Aureliya Qriqoriunun Ermənistanda keçirilən beynəlxalq tədbirdəki cəsarətli və obyektiv çıxışını alqışlayır və hesab edir ki, Azərbaycan hakimiyyəti və cəmiyyəti onu Ermənistan hakimiyyəti və erməni lobbisinin hücum və təhdidlərindən müdafiə etməlidir.

Bu fikirlər QAT-ın bəyanatında yer alıb. Təşkilat hesab edir ki, moldovalı Ombudsmanın çıxışı bir sıra məsələlərə aydınlıq gətirdi, həmçinin nümunə, dərs götürmək üçün mesajlar verdi.

- Birincisi, bu olay Ermənistanın iç üzünü, həqiqi mahiyyətini bir daha göstərilməsinə şərait yaratdı. Qarabağ münaqişəsinin guya dinc yolla nizamlanmasında maraqlı olduqlarını deyən ermənilər adi bir ölkə nümayəndəsinin həqiqəti deməsinə dözə bilmədilər, vəhşi sifətlərini nümayiş etdirərək ona qarşı təzyiq, təhdiq, təhqirlərdən çəkinmədilər, hətta dediklərini təkzib etməli olduğunu deyərək ölkədən çıxmasına da əngəl olmağa çalışdılar.

İkincisi, Qarabağ Azadlıq Təşkliatının beynəlxalq qurumların vasitəçilik missiyası ilə bağlı bildirdiyi iradlar bir daha öz təsdiqini tapdı. Biz dəfələrlə bildirmişik ki, vasitəçilər Qarabağ münaqişəsinə düzgün yanaşmadıqlarına, baş vermiş işğal faktına obyektiv qiymət vermədiklərinə, işğalçını öz adı ilə adlandırmadıqlarına görə danışıqlar heç bir nəticə vermir və bundan sonra da verməyəcək. Beynəlxalq təşkilatlar, böyük dövlətlər, o cümlədən Minsk qrupuna həmsədrlik edən dövlətlər boş və mənasız bəyanatlardansa, özlərində bu xanım vəkilin cəsarət və obyektivliyini tapmalı, konkret mövqe ortaya qoyaraq Ermənistanı işğalçı dövlət kimi tanımalı və məhz bu müstəvidə münaqişənin çözülməsinə nail olmalıdırlar.

Üçüncüsü, bir xanım vəkilin hərəkəti Azərbaycanın iqtidaryönlü, müxalifyönlü siyasi partiyalarına, QHT nümayəndələrinə, qocalı-cavanlı hamısaına dərs olmalıdır ki, ermənilərlə əməkdaşlıq müqavilələri bağlamağın, hansısa müzakirələri aparmağın heç bir mənası yoxdur. Hər bir azərbaycanlı istənilən məqamdan, beynəlxalq tədbirdən ermənilərin işğalçı siyasətinin ifşa olunması üçün cəsarətlə istifadə etməli, heç nədən qorxmamalıdırlar. Dördüncüsü, Azərbaycan hakimiyyəti özü üçün vacib nəticələr çıxartmalıdır.

Dünya artıq Qarabağ münaqişəsi ilə bağlı həqiqəti bilir, vicdanı olanlar dilinə gətirir, qalanları isə hələlik susurlar. Azərbaycan hakimiyyətinin müharibəni başlamasının vaxtı artıq çatıb. Dünya həqiqəti bilir və müharibənin başlanmasını da normal qarşılayacaq və Azərbaycanın başqa yolunun qalmadığını başa düşəcəkdir. Azərbaycan hakimiyyəti qorxaqlığı bir kənara qoymalı, siyasi iradə və cəsarət nümayiş etdirməlidir.

AzNews.az