Hər doğulan baş cins buzova görə pul veriləcək - Azərbaycanda

Azərbaycanda hər doğulan baş cins buzova görə dövlət tərəfindən fermerlərə subsidiya veriləcək.


Bu, fermerlərin ən çox səsləndirdiyi təkliflərdən biridir. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev "APA-Economics"ə açıqlamasında bildirib ki, Nazirlik artıq bu təklifləri toplayaraq Nazirlər Kabinetinə təqdim edib.

"Ümumiyyətlə, fermerlərin ən çox subsidiya istədikləri sahə məhz heyvandarlıqdır. Biz hazırda yerlərdən subsidiyalarla bağlı çoxlu təkliflər alırıq. Məsələn, təkliflərə subsidiyaların birləşdirilməsi və ildə bir dəfə verilməsi, daha sonra subsidiyalaşma mexanizminin təkmilləşdirilməsi və daha da sadələşdirilməsi kimi məsələlər daxildir", - deyə M.Hacıyev əlavə edib.

Qeyd edək ki, fermerlər buğda əkininə görə 80 manat, digər məhsullara görə isə 40 manat həcmində subsidiya alırlar. Mühərrik yağı və yanacağa görə verilən subsidiyalar isə 40 manat təşkil edir.

AzNews.az