Azərbaycanda yeni institut açılır

Azərbaycan Diplomatik Akademiyası Mühəndislik və İnformasiya Texnologiyaları İnstitutunu açır.


ADA-nın Kommunikasiya Departamentindən APA-ya verilən xəbərə görə, bu tədris ili üçün bakalavr pilləsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının I qrupu üzrə imtahan verən abituriyentlər ADA tərəfindən təklif edilən yeni ixtisaslar - "Kompüter Elmləri" və "İnformasiya Texnologiyaları və sistemləri mühəndisliyi"ndən yararlana biləcəklər. Yeni ixtisaslar ADA-nın akademik proqramlarının genişləndirilməsi prosesinin bir hissəsidir.

Akademiyanın Strategiya və İnkişaf üzrə prorektoru Emin Hüseynovun sözlərinə görə, yeddi il əvvəl yaradılan ali təhsil ocağı Xarici İşlər Nazirliyi əməkdaşları üçün qısa-müddətli təlim proqramları keçirən mərkəzdən altı bakalavr və üç magistr dərəcəsi üzrə təhsil verən çoxprofilli universitetə çevrilib. Mühəndislik və İnformasiya Texnologiyaları İnstitutunun (MİTİ) yaradılması prosesində ADA dünyanın bu sahə üzrə aparıcı universitetləri ilə əməkdaşlıq edəcək. Koreya Elm və Texnologiya Araşdırmaları İnstitutu (Korean Advanced İnstitute of Science and Technology-KAİST) belə tərəfdaşlardan biridir. İki ali məktəb arasında əldə edilən ilkin razılaşmaya görə, KAİST yeni İnstitutun kafedraları, o cümlədən kompüter, mexaniki, elektrik, mülki mühəndislik, informasiya texnologiyaları sistemləri kafedralarının planlaşdırılması, tədris proqramlarının işlənilməsi, tanınmış xarici mütəxəssislərin dekan və professor heyəti kimi cəlb edilməsi istiqamətində ADA ilə birgə iş aparacaq.

2013-2014-cü tədris ilində bakalavrlar ADA-da kompüter və İT ixtisasları ilə yanaşı II və III qruplar üzrə Beynəlxalq Münasibətlər, Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Dövlət və İctimai Münasibətlər ixtisasları arasında da seçim edə bilərlər. Yayın əvvəlində isə ADA magistr pilləsinə qəbulu uğurla başa çatdıraraq Diplomatiya və Beynəlxalq Münasibətlər, Dövlət və İctimai Siyasət, Executive MBA ixtisasları üzrə 100-ə yaxın tələbə yığıb.

AzNews.az