Kolleclərdə oxumaq istəyənlərin nəzərinə

25 minə qədər abituriyent 9 illik təhsil bazasından kolleclərə (texnikumlara) sənəd verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə,ərizə qəbulu avqustun 15-dək davam edəcək. Ərizə qəbulu üçün siz TQDK-nın rəsmi internet saytına (tqdk.gov.az) daxil olmaqla şəxsiyyət vəsiqənizin (şəkilsiz şəxsiyyət vəsiqəsi ilə də mümkündür) seriyasını, nömrəsini və pin kodunu daxil etməklə iş nömrəsi və şifr əldə etməlisiniz.

Sonra həmin iş nömrəsi və şifrdən istifadə etməklə "Elektron ərizə"ni doldurmalısınız.

Ərizəni doldurduqdan sonra onu mütləq təsdiq etmək lazımdır.

Abituriyentlərin əksəriyyəti bunu özləri internetlə edəcəklər. Ərizəni dolduran kimi məlumatlarınızı yoxlayaraq təsdiq düyməsini vurmalısınız.

2013-cü ildə orta məktəblərin 9, 10 və 11-ci siniflərini bitirənlər,2012-ci və 2013-cü illərdə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş abituriyentlər, ilk-peşə ixtisas təhsili müəssisələrinin 9,10 və 11-ci siniflərini 2013-cü ildə bitirənlər özləri internet vasitəsilə təsdiq edəcəklər.

Bu kateqoriyalarına daxil olmayan abituriyentlər isə tələb olunan sənədləri Bakı şəhəri Nəsimi rayonu 42 nömrəli məktəbdə və ya TQDK-nın regional bölmələrində yaradılmış sənəd qəbulu komissiyalarında təsdiq etdirməlidirlər.

Sənəd qəbulu başa çatdıqdan sonra imtahana buraxılış vərəqəsi də TQDK-nın internet saytında yerləşdiriləcək. İmtahan avqustun 25-də keçiriləcək.

İmtahana gələrkən imtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsinin əslini, 16 yaşına çatmamış şəxslər isə bu sənədlərlə yanaşı təhsil müəssisəsi tərəfindən verilmiş fotoşəkilli arayışı (Əlavə 1) da gətirməlidirlər.

AzNews.az