Nazir gələcəyin polislərinə baxış keçirdi

Çevik Polis Alayında (ÇPA) daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin sıra baxışı keçirilib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib. DİN-in Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir 643 nəfərin düzüldüyü ayrı-ayrı kalonları gəzib, namizədlərin zahiri görünüşü, fiziki hazırlığının vəziyyəti, bilik səviyyəsi ilə maraqlanmış, bəzi irad və tövsiyələrini bildirib. Ramil Usubov ümumən sıra baxışından, namizədlərin hazırlıq səviyyəsindən razı qaldığını deyib. Tələb olunan parametrlərə uyğun gəlməyən 18 nəfər sıra baxışından kənarlaşdırılıb.

Xidmətə qəbul olunacaq namizədlərə gələcək fəaliyyətlərində uğurlar arzulayan daxili işlər naziri əmin olduğunu bildirib ki, onlar Azərbaycan polisinin ən yaxşı ənənələrini davam etdirəcəklər.


AzNews.az