Həkimin ehtiyatsızlığı qadının həyatını alt-üst etdi – PEŞƏ CİNAYƏTİ

Bakıda 1965-ci il təvəllüdlü Lalə Mahmudova adlı qadın əməliyyat zamanı diqqətsizlikdə günahlandırdığı həkimi məhkəməyə verir.

Qadın bildirib ki, ötən il oktyabrın 20-də Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evində əməliyyat olunub. Ancaq əməliyyat zamanı onun sidik kanalı da kəsilib və bunun nəticəsində qadının səhhətində və həyatında ciddi problemlər yaranıb.

Zərərçəkən hüquqi yardım almaq üçün "Təmiz dünya" İctimai Birliyinə müraciət edib. Təşkilatın nümayəndəsi, ictimai vəkil Məlahət Nəbiyevanın AzNews.az-a verdiyi məlumata görə, 48 yaşlı qadın son 1 ildə bir çox problemlərlə qarşılaşıb: "Bizim təşkilata müraciət edəndə qadının danışmağa belə taqəti yox idi. Bütün həyatı alt-üst olub. Ailəsi dağılıb, işini itirib. 18 yaşlı oğlunun az miqdarda qazancı ilə dolanmaq məcburiyyətindədirlər".

L.Mahmudova özü isə AzNews.az-a açıqlamasında, qanaxma diaqnozu ilə aparıldığı xəstəxanada Gülgəz adlı həkimin onu əməliyyat etdiyini deyib: "Əməliyyatdan sonra vəziyyətim daha da pisləşdi. Sonra öyrəndim ki. sidik kanalının bir hissəsi kəsilib. İndi hətta normal hərəkət edə bilmirəm. İşimi itirmişəm. Bu vəziyyətdə işləmək mümkün deyil. Gündəlik tələbat mallarını belə ala bilmirəm. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət etmişəm. Avqustun 12-də nazirliyə çağırıblar. Dediklərinə görə təkrar əməliyyat olunmalıyam. Ancaq nazirliyə də bildirdim ki, şikayətçiyəm və məhkəməyə müraciət edib mənə dəyən ziyanın ödənilməsini tələb edəcəyəm".

L.Mahmudovanın sözlərinə görə, onu əməliyyat edən həkim indiyə qədər iki dəfə olmaqla ümumilkdə ona zəruri ehtiyaclarını ödəmək üçün 900 manat pul verib: "Ancaq ehtiyatsızlıq, yaxud bilməməzlik mənim həyatımı dəyişib. 48 yaşında olduqca çətin vəziyyətlə üzləşmişəm. Sidik kanalının bir hissəsi kəsilib və mən işə getməyə yox, hətta 1 saatlıq harasa getməyə belə çətinlik çəkirəm. Buna görə də mənə dəyən mənəvi, maddi ziyana görə təzminat tələb edirəm".

Elnarə
AzNews.az