Rəmişin «oğru» oğlunun yasından reportaj: ŞOK FAKTLAR – Foto-Video

Bu ailənin dərdi başından aşır; təkcə ona görə yox ki, yeganə, şir biləkli, oğlunu itirib. Həm də ona görə ki, onun "narkoman" olduğunu yazmaqla ailənin dərdini alovlandıran mətbuatın yazdıqlarının üstünə məşhur gitara ustadı Rəmiş də Qiyamətə qədər sönməyəcək bir odun atıb: "Mənim oğlum yoxdur".
Foto-həqiqətlər, şahidlər və nəhayət, əlahəzrət qanun isə tamam başqa şeylər deyir. Elə bunları aydınlaşdırmaq üçün Yevlaxda, Hüseyn Rafiq oğlu Hüseynovun yas yerindəyik.

Rəmişin "dədəşi"

Arzu xanımla Rəmişin rəsmi nikahı olmayıb. 1979-cu il yanvarın 8-də Rəmiş Arzu xanımı "el adətinə" uyğun olaraq… qaçırıb. Ağdamlı Rəmiş yevlaxlı Arzunu harda görüb, bəyənib ki?
Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) tələbəsi olan Arzunu Rəmiş M.Sübhü ilə Poluxinin kəsişməsindəki evdə kirayədə qalarkən görüb. Həmin vaxt şöhrətin zirvəsinə doğru dırmaşan Rəmiş də orada qalırmış.
Rəmiş ikinci həyat yoldaşı olan Arzu xanımla Yevlaxda, qayınatasının evi ilə üzbəüz evdə yaşayıb: C.Kərimovun (köhnə adı: Məşədi Əzizbəyov) adını daşıyan küçəyə yerli əhali "5-ci plan" da deyir. Sonra qayınatası ilə hasar qonşusu olub – "6-cı plan"da yaşayarkən.
Cütlüyün ilk və yeganə oğlu 1980-ci il mayın 5-də dünyaya gəlib. Arzu xanım aylar öncə yuxu görübmüş, ənənəvi görkəmdə - "ağsaqqal, nurani sima" - röyasına girən qeybani "uşağın adını İsmayıl qoyarsan" deyibmiş.
"O vaxtlar tibb bu qədər inkişaf etməmişdi, hardan bilirdim ki, oğlum olacaq? Bu yuxudan sonra anama dedim ki, oğlum olacaq, adını da İsmayıl qoyacam", - Arzu xanım deyir.
Amma Rəmiş Arzunun bu arzusunu göyərməyə qoymur. Həmin ərəfədə Ağdamın tanınmış və ağırtaxta kişilərindən olan Hüseyn – Rəmişin atası - yenicə rəhmətə gedibmiş. Atasının şərəfinə oğluna Hüseyn adını qoyur və doğum şahədatnaməsini yazdırır: Hüseyn Rafiq oğlu Hüseynov!

Yaşanılan ömrün məntiqi – ilk həbs!

Hüseyn ilk dəfə Moskvada həbs olunub… Necəsini anası danışır:
"95-ci ildə, Hüseynin 15 yaşı olanda böyük qardaşım Vaqifin yanına, Moskvaya getdik. Dükan işlədirdik, əlimiz də yaxşı gətirirdi. Həmin illərdə Hüseyn Azərbaycana gəlib-gedirdi… 98-ci ildə Tamaz adlı gürcü dostu xahiş edir ki, bir adamda pulum var, gedək, alaq. Gedirlər. Bunlar çatanda həmin adam maşınında işləyirmiş – təkərmi dəyişirmiş, ya nəsə, yəni başı aşağı olubmuş. Tamaz təkər açarını vurur kişinin başına, maşında əvvəlcədən bəllədiyi bağlamanı da götürüb, qaçır, Hüseynə də "qaç" deyir. Bir xeyli qaçandan sonra Tamaz əlindəki bağlamanı salır, Hüseynsə onu götürüb, başı yaralı halda onların dalınca gələn adama yaxınlaşır, heç nədən xəbəri olmadığını deyir. Amma nə olsun?
Hüseyni tutdular. Müstəntiq deyirdi ki, Hüseyn bu işi kimin elədiyini söyləsin, ondan əl çəkək. Amma Hüseyn satmadı, ona görə də 3 il 3 ay iş aldı".
Moskvada, Motrosskiy Tişinada 2 il yatandan sonra cəzasını Lipetskdə çəkir.
"Ətək-ətək pul tökürdüm ki, növbəti məhkəmə keçirilsin, yerini dəyişək, həbsini də azaldaq. Çünki Motrosskiy Tişina haqqında yaxşı demirdilər. Hüseynsə hər dəfə görüşəndə deyirdi ki, məhkəməni təxirə saldır, bir-iki məsələ var. Sonradan öyrəndim ki, bu "bir-iki məsələ" nə imiş: demə, Hüseyn bütün vasitələrlə çalışırmış ki, yerini dəyişməsin, çünki orda oğru qanunlarını mənimsəyirmiş".
2001-ci il sentyabrın 26-da – cəzasını günəgün çəkəndən sonra azadlığa çıxır.

Narkotikdən taekvandoya

"Hərə bir söz yazır: guya narkotik aludəçisi imiş, Moskvada da bu ittihamla tutulubmuş. Yalandır. Hüseyn 4 dəfə həbs olunub, hamısında da "quldurluq" maddəsi ilə, - Arzu xanım narahatlıqla deyir. – Demirəm ki, narkotikdən istifadə etməyib. Bildiyim qədərincə, bir-iki dəfə, atası kimi (Rəmişi deyir), iynə-zad da vurubmuş. Amma birinci həbsindən sonra hamısıyla vidalaşdı, idman eləməyə başladı".
Ailə 2002-2004-cü illərdə Bakıda - Əhmədlidə və Yevlaxda yaşayıb. İdmanla ciddi şəkildə məşğul olub. Hətta məşhur idmançı Füzuli Məmmədov (məşqçisi) xaricdən qonaqlar gələndə Hüseyni qabağa verirmiş – həm fiziki hazırlığına, həm də "dilinə" görə!
"Hüseyn rus, ingilis, bir də gürcü dilini mükəmməl mənimsəmişdi, - dayısı dillənir. – Quranı əzbər bilirdi, dəfələrlə oxumuşdu. İnanın ki, bir az saqqal buraxıb, ilahiyyatçılarla söhbət etsəydi, hamı onu din alimi hesab edərdi. Saatlarla dindən danışardı, heyrət edərdin ki, kriminal dünyanın adamı bunları hardan bilir. Anası ilə son danışığında Arzunun namaz qıldığını eşidib o qədər sevinmişdi ki, bir neçə dostuna zəng eləmişdi…"
Son danışıq? Türmədən?
"Skaypla da danışırdı, türmədə üç nömrəsi vardı"…
Türmədə internet, kompüter, 3 telefon… Hə, "yaxşı yatıb!" - səhv etmirəmsə, belə deyirlər…

Daha üç həbs

2006-cı ilin dekabrında – Yevlaxda davada həbs, Bakıdakı 10-cu kolonda 6 ay!
2008-ci il martın 11-də – Moskvada 162-ci maddə ilə 2 il həbs: əvvəlcə Lipetskidə, sonra Yeletsdə, qapalı həbsxanada.
2010-cu ilin cəmi 4 ayını "çöldə" olub: martda azad edilib, avqustda yenə eyni maddə ilə 5 il 6 ay həbs alıb. Sonradan vəkillər "maddəni" 162-dən 330 dəyişə və həbs müddətini 4 ilə endirə biliblər.
Zahid Əliyev deyir:
- Əvvəlcə, Perm vilayətinin Salikomsk şəhərində cəza çəkirdi. Şəkillərə baxın, o, türmə həyatını belə yaşayıb…
(Bayaqdan ortada olan qalaq-qalaq şəkillər dübarə vərəqlənir: siz də baxacaqsız o şəkillərə, Hüseynin türmə həyatı haqqında bu fotolar özü danışır – əlavə şərhə ehtiyac yox!)
Deyir ki, kriminal aləmdə ləqəbi "Diplomat" idi:
- Məntiqinə, nitqinə, ağlına, bir neçə dil bilməsinə görə ona "Diplomat" qələbi vermişdilər…


Qətl, yoxsa faciə?

Əliyevlərin fikrincə, Hüseyni qətlə yetiriblər. Çünki: mayın 5-də 33 yaşını türmədə təmtəraqla keçirib, anasına xeyli şəkil də göndərib – telefonla (şəkilləri fotosesiyada görə bilərsiniz). Sistemli olaraq ailəsinə zəng edib, mayın 24-də isə anası ilə 2 saata yaxın davam edən danışığı olub.
Arzu xanımın dediklərindən:
- Hər şeydən razı idi. Bir az narahat olan kimi dərhal öz şəklini çəkib, göndərirdi. İbadətə başladığını da son danışığımızda dedi. Amma 24-dən sonra onunla heç bir əlaqə qura bilmədik…
Sonradan sənədlərlə müəyyənləşib ki: əvvəlcə Permdən Vladimirə, ordan da Pakrova gətirilib. Bir ay müddətində heç bir əlaqə imkanı olmayıb. Moskvada yaşayan dayısına isə son anda xəbər veriblər: "Özünü doğrayıb, qanına zəhər keçib, filan dərmanı al, tez gətir!"
Vaqif Əliyev deyilən dərmanı alıb, dərhal da aparıb, ancaq gec imiş…
- Yalan deyirlər, - Qəmbər kişi axır ki, dillənir. – Özüm yuatda idim, Hüseyni özüm yumuşam. Bədənində heç bir yara, doğranma, bıçaq izi yoxdur. Burda yazıblar ki, guya müalicədən imtina edib. Bəs, hanı imzası? Özü niyə imza atmayıb?
Mayın 26-da Salikavskidən çıxarkən əşyalarını guya təhvil verib. Burdakı siyahıda imzası yoxdur, əslində, təhvil verdiyi əşyaları məhbus öz imzası ilə yazmalıdır. Bu yazılar Hüseynin xətti deyil…
"İyulun 4-də, gecə vaxtı ölüb, sənədlərdə 5 iyul göstərilir. Səbəb kimi "VİÇ infeksiya" göstərilir, "iynədən zəhərlənmə". Yalandır. Onu öldürüblər, qanına zəhər yeridiblər. Mayın 24-də skaypla, sonra da 2 saat anasıyla telefonda danışdı. Necə olur ki, heç bir xəstəliyi olmayan adam mayın 26-da "müalicədən imtina edir"?
- Atası ilə sonuncu dəfə görüşəndən sonra mənə demişdi ki, tez öləcəyəm, bu yolun sonu yoxdur; amma öləndə onun adını qəbrimin üstünə yazmayın – atası üçün demişdi. Qismət elə gətirdi ki, elə yazdırmadıq da… - Arzu xanım deyir…




Şəkilli xatirələr

Yenə Rəmişin təkzibi, yenə narahatlıq yaradan olay. Axı, Rəmiş niyə öz doğma oğlunun olduğunu danmalıdır?
Arzu xanımın sözlərinə görə, "bunların hamısını Rəmişin sonuncu arvadı Gülü eləyir":
- Biz Hüseynlə birgə Ağdamda, Rəmişin ata evində də bir müddət yaşamışıq, kiçik qayınım aparmışdı bizi ora… Bax, bu şəkil Hüseynin 2-3 yaşı olanda çəkilib.
- Arxada görünən maşın var haa, - Qəmbər kişi deyir, - "Jiquli", o, mənimkidir.
- Rəmişin qolundakı bu çapıq da qəzadan sonrakıdır.
"Rəmiş o illər qəza da keçirib?"
- Hə, Bakıya gedəndə, 1980-ci il iyunun 16-da, kamança ustası Şəfiqə Eyvazovanın toyundan qayıdanda, Göyçayda qəzaya düşmüşdü. "Jiquli" ilə gəlirlərmiş, "Villis"ə çırpılıblar. Sürücü dostu olub. Xəbər gəldi, yığışıb getdik. Vaqif Bakıdaydı, əlaqələrindən istifadə elədi, Rəmişin arxasınca vertolyot gəldi. Çünki həkimlər onu yolla aparmağın mümkün olmadığını deyirdilər.
- O qədər də adam yığışmışdı ki! Dedim, deyəsən, bu Rəmişin elə bizim yanımızda hörməti yoxdur, camaat bunu yaman çox istəyir, – Ruqiyyə xanım (Hüseynin nənəsi) gülə-gülə deyir. - Zarafatla dedim, əlbəttə, o vaxtlar biz də Rəmişi az istəmirdik.
Arzu xanım:
- Bakıda müalicə alanda Hüseyndən yana darıxırdı, hər gün aparırdım yanına. 4 ay yatdı, bir də gördük, qolunda gips, gəlib bu həyətə. Gəldi, bax o betonun üstündəcə çəkic-qayçıyla gipsini qırdı. Nə qədər mane olmaq istədim, xeyri olmadı, "heç nə olmaz" dedi.

Narkotik ailəni dağıtdı

- 1985-ci ildən sonra bir ara itdi, 10-15 gündən sonra gəldi ki, gedək Bakıya. Hətta cehizimdən də bəzi şeylər göndərdim. Amma sonra özüm getmədim, çünki görürdüm, artıq ailə kimi yaşaya bilmərik. Rəmiş əvvəllər çəkirdi, qəzadan sonra "iynə" vurmağa başladı. Demə, xəstə yatanda ağrılara dözə bilmirmiş, həkimlər də "morfi"dən istifadə edirlərmiş. 4 ay müddətində morfi vurdurmaq bəs eləmişdi ki, Rəmiş "iynəyə" keçsin.
Arzu xanımın dediklərinə Ruqiyyə xanım qoşulur:
- Xəstəxanadan təzə gələndə burdakı apteklər də ona həkim kağızı ilə morfi verirdilər, axı, Rəmişin hörməti vardı, kimin ağlına gələrdi ki, o, narkoman olub. Amma sonra başa düşdülər, Rəmişsə davam eləyirdi…


Mən Rəmişin oğlu deyiləm!

Hüseyn dəfələrlə atasını axtarıb, yanına gedib. 1997-ci ildə Moskvadan gələndə atasını yoluxub, xəstə olduğunu görüb, boynundakı qalın qızıl boyunbağını satıb, Rəmişin müalicəsinə xərcləyib: "Kişi yaman qocalıb, bunu eləməliydim" - deyib anasına.
- Sonuncu dəfə Kamran Həsənli Rəmişdən veriliş çəkirmiş, hansısa şadlıq evində. Hüseyn hardansa xəbər tutmuşdu, xəstəydi, "bürsulyozdan" müalicə alırdı. Elə xəstə-xəstə, qızdırmalı halda durub, o şadlıq evinə gedib. Sonradan öyrəndim ki, müalicəsinə xeyli pulumuz çıxmışdı, bir az borcum yaranmışdı, atasından kömək üçün gedibmiş. Gülü görüşməyə imkan verməyib. Hüseyn də əsəbiləşib, boğurmuş onu, Kamran Həsənli girib araya. Rəmişsə heç nə deməyib. Ordan qayıdandan sonra atasından ürəyi qırıldı, dedi, o adlı adam tanımıram.


Yenə və yeni faktlar…

Arzu xanım:
- Gəncədə Rəmişin dostu oğluna toy edirdi, Rəmiş Hüseyni də apardı – təxminən, 83-cü il olardı. Toyda, gəlin maşınının qabağında bir balaca qızla şəkillərini də çəkdirmişdi – bu şəkli! Qayıdıb deyirdi ki, artıq gəlinimi də seçdim. İndisə deyir ki, oğlum yoxdur…. Hüseyn evlənmədi, nakam getdi…


Hüseynli xatirələr o qədər çoxdur ki! Təsəvvür yaratmağa çalışdıq… Amma hər şeyi yazmağa həm vaxt, həm də "yer" kifayət eləmir!
Bir məsələni isə dəqiqləşdirdik: Yevlaxda hamı danışır ki, Arzu xanımı Rəmiş qaçırıb, Hüseyn onun oğludur. Adam 5 il bir məhəllədə yaşayıb, onun "kefinə gələndə" gitaranı sinəsinə basıb yüzlərlə adamı musiqi səsinə "5-ci plana" yığmasını necə unutsunlar?

…Bu gün, avqustun 14-də Hüseyn Rəmiş oğlu Hüseynovun 40 mərasimidir. Rəmişdən heç bir təmanna güdməyib bu ailə, amma nə qədər desələr də, son mənzilə Yeganə Oğlunu yola salan Ananın gözü qapıda olmalı: o təsəllini Oğul Atasından başqa Anaya heç kim verə bilməzdi.
Artıq gecdir, vaxt və fürsət ötdü: "Dədə" Ağdamda, Ağdam işğalda, "Dədəş" Yevlaxda, ata…
Torpağın yox, ruhun işğalı dəhşətlidir.


ANAR
BAKI-YEVLAX-BAKI
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description