"İmtahan sistemində tələsik dəyişiklik risklidir" – Ramin Nurəliyev

"Hesab edirəm ki, Dövlət İmtahan Mərkəzinin rəhbərliyi tərəfindən kompetensiyaya əsaslanan imtahan modeli hazırkı mərhələdə abituriyentlər üçün nəzərdə tutulmayıb. Çünki kompetensiyaya əsaslanan yanaşma sadəcə nəzəri biliklərin yoxlanılması deyil, həmin biliklərin praktik tətbiqini tələb edir. Başqa sözlə, bir yanaşma var ki, şagirdə yalnız nəzəri bilik verilir, digər yanaşma isə həmin biliyin real situasiyalarda tətbiqini ön plana çıxarır. Mövcud şəraitdə bu modelə birdən-birə keçid ümumtəhsil məktəblərində təhsil alan şagirdlər üçün müəyyən çətinliklər yarada bilər. Bu səbəbdən, əgər belə bir imtahan modelinin tətbiqi planlaşdırılırsa, ilk növbədə orta ümumtəhsil məktəblərində kompetensiyaya əsaslanan tədris sistemi formalaşdırılmalıdır. Şagirdlər nəzəri bilikləri yalnız mənimsəməməli, eyni zamanda onları praktik şəkildə tətbiq etməyi öyrənməlidirlər".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi kompetensiyaya əsaslanan imtahan modelinə keçid etdiyini açıqlayıb. Bu barədə qurumun İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə bildirib. Onun sözlərinə görə, bu mərhələ xüsusilə dövlət qulluğu sahəsində mühüm əhəmiyyət daşıyır və prosesdə müxtəlif dövlət qurumları fəal şəkildə iştirak edir. Məleykə Abbaszadə qeyd edib ki, ümumilikdə təhsil sistemi dövrün tələblərinə uyğun olaraq yeni çağırışlarla üz-üzədir: “Biz bu prosesdə şəffaflığın qorunmasını və innovativ yanaşmaların tətbiqini təmin etməyə çalışırıq.”

Ekspert qeyd edib ki, yalnız bundan sonra bu yanaşmaya uyğun imtahan modelinin tətbiqi məqsədəuyğun sayıla bilər.

"Hazırda Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarını orta ümumtəhsil məktəblərinin mövcud proqramlarına uyğun şəkildə təşkil edir. Bu proqramlar isə əsasən nəzəri biliklərin verilməsi və həmin biliklərin test tapşırıqları və ya sual-cavab üsulları ilə yoxlanılmasına əsaslanır. Kompetensiyaya əsaslanan yanaşma isə məsələnin dərinliyini, analitik düşünmə və tətbiq bacarıqlarını əhatə edir. Bu model inkişaf etmiş ölkələrin, xüsusilə Avropa və ABŞ təhsil sistemində geniş tətbiq olunur. Hətta orta məktəbin yuxarı siniflərində şagirdlər bu yanaşma ilə daha çox qarşılaşırlar. Azərbaycanda bu istiqamətdə müəyyən elementlər mövcuddur. Məsələn, fənn olimpiadalarının final mərhələlərində kompetensiyaya əsaslanan tapşırıqlardan istifadə olunur. Bu zaman şagirdlərdən yalnız bilik deyil, həmin biliklərin praktik tətbiqi də tələb olunur. Laborator şəraitdə aparılan tapşırıqlar buna nümunədir. Lakin bu imkanlar bütün şagirdləri əhatə etmir. Olimpiadalarda yalnız məhdud sayda şagird iştirak edir, halbuki Dövlət İmtahan Mərkəzi imtahanları bütün abituriyentlər üçün təşkil edir. Bu isə yanaşmalar arasında uyğunsuzluq yaradır. Ümumilikdə, kompetensiyaya əsaslanan imtahan modeli müsbət və perspektivli yanaşmadır. Bu, şagirdləri əzbərçilikdən uzaqlaşdıraraq daha çox düşünməyə və tətbiq etməyə yönəldə bilər. Eyni zamanda, bu sistem uzunmüddətli perspektivdə daha çox elmi potensiala malik kadrların yetişdirilməsinə xidmət edə bilər. Lakin bu modelin tətbiqi mərhələli şəkildə həyata keçirilməlidir. Əvvəlcə təhsil sisteminin özü bu yanaşmaya uyğunlaşdırılmalı, daha sonra isə imtahan mexanizmi dəyişdirilməlidir. Əks halda, bu cür dəyişikliklər cəmiyyətdə narazılıq və anlaşılmazlıq yarada bilər. Qeyd etmək lazımdır ki, bəzi fənlər üzrə bu keçid daha asan ola bilər. Məsələn, Azərbaycan dili və tarix kimi fənlərdə artıq müəyyən dərəcədə kompetensiyaya əsaslanan suallar mövcuddur. Lakin riyaziyyat, fizika və kimya kimi dəqiq fənlərdə tətbiq bacarıqları daha dərindən tələb olunduğu üçün keçid daha çətin və mürəkkəb ola bilər. Mövcud imtahan modelində də qismən analitik yanaşma elementləri yer alır. Məsələn, bəzi suallar birbaşa cavab tələb etmək əvəzinə, şagirddən məntiqi düşünmə və analiz etmə bacarığını tələb edir. Əgər gələcəkdə bütün fənlər üzrə tam şəkildə kompetensiyaya əsaslanan imtahan modelinə keçid nəzərdə tutulursa, bu zaman orta məktəbdə bu yanaşmanın təməli möhkəm şəkildə formalaşdırılmalıdır. Yalnız bu halda belə bir sistemin uğurlu tətbiqi mümkün ola bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az