- Dünyanın halı
- 01:39
- 1 876
Tramp: İran özəl danışıqlarda nüvə silahlarından imtinanı qəbul edir, amma ictimaiyyət qarşısında fərqli danışır
ABŞ prezidenti Donald Tramp bildirib ki, İran rəsmiləri qapalı danışıqlarda bütün nüvə silahlarından imtina etməyə hazır olduqlarını desələr də, ictimai açıqlamalarda uranı zənginləşdirmək hüququnu müdafiə etməyə davam edirlər.
Tramp “New York Post” qəzetinə müsahibəsində qeyd edib: “Bizimlə üz-üzə olanda deyirlər ki, bütün nüvə silahlarından imtina edirlər. Amma mediaya çıxanda ‘xeyr, biz zənginləşdirmək istəyirik’ deyirlər. Görəcəyik. Açığı, onların doğru danışıb-danışmadığını bilmirəm.”
İslamabad danışıqlarının gündəliyi
Qəzetin məlumatına görə, Islamabad şəhərində keçiriləcək danışıqlarda ABŞ aşağıdakı əsas tələbləri irəli sürəcək:
- Təxminən 450 kiloqram yüksək zənginləşdirilmiş uranın təhvil verilməsi
- Hürmüz Boğazının beynəlxalq gəmiçilik üçün tam açılması
- Regiondakı silahlı qruplara dəstəyin dayandırılması
- Ballistik raket proqramının ləğvi
İran isə öz növbəsində ABŞ sanksiyalarının aradan qaldırılmasını tələb edir.
Atəşkəs və danışıqlar prosesi
Tramp 7 aprel tarixində İranla iki həftəlik qarşılıqlı atəşkəs razılaşmasının əldə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, tərəflər mübahisəli məsələlərin böyük hissəsində razılığa yaxınlaşıb və Vaşinqton Tehranın 10 maddəlik təklifini danışıqlar üçün əsas kimi qəbul edir.
ABŞ prezidenti qeyd edib ki, bu qərar İranın Hörmüz boğazını açmağa razı olması fonunda verilib. Tehran isə öz növbəsində ölkəyə qarşı hücumlar dayandırılacağı təqdirdə “müdafiə xarakterli əməliyyatları” dayandırmağa razılaşıb.
Tərəflər arasında vasitəçilik edən Şahbaz Şərif danışıqların keçirilməsi üçün tərəfləri bir araya dəvət edib. İran dövlət mediasının məlumatına görə, görüşlərin birbaşa formatda keçirilməsi gözlənilir.
Mövsüm,
AzNews.az