Ölən əsgərin atası komandiri günahlandırdı

Avqustun 31-də Müdafiə Nazirliyinin Ağcabədi rayon "N"saylı Hərbi Hissəsində əsgər Tural Zamanovun leykoz xəstəliyindən dünyasını dəyişməsi barədə xəbər yayılmışdı.


Dünən sosial şəbəkədə əsgərin ölümünün əsl səbəbi barədə məlumat yayılıb. İnformasiyada bildirilir ki, komandir Turalı cəzalandırmaq məqsədilə onun üstünə xidməti itləri qısqırdıb. Bundan sonra Tural həyəcandan komaya düşüb və ayılmayıb.

Əsgərin atası İsrafil Zamanov oğlunun leykoz xəstəliyindən ölməsi xəbərini təsdiqləyib. Amma bu xəstəliyin yaranmasında oğlunun manqa komandiri Pərvin İbadovun rolu olduğunu deyib. Belə ki, Pərvin İbadov vaxtaşırı olaraq Tural Zamanovla prinsip aparıb.

"Oğlum çavuş idi. Bildiyimə görə, o, telefon gəzdirməsinə görə oğlumla prinsip aparıb. Qərara əsasən yay vaxtında saat 11:00-dan 17:00-kimə əsgərlərini çölə çıxarmaq olmaz. Pərvin İbadov isə o saatlarda oğlumu qaçızdırıb. Oğlum qaça bilmədiyini. qızdırmalı olduğunu desə də, komandir ona daha ağır cəza verib. Bir müddət oğlumu " jim" vəziyyətində saxlayıb. Daha sonra ona günorta vaxtı istidə ona səngər qazdırıb".

Şəhid əsgərin atası it qısqırtma faktına da aydınlıq gətirib.

Onun sözlərinə görə, bir neçə əsgər kənddən qayıdanda qabaqlarına it çıxıb. Oğlum kənd uşağı olduğuna görə itdən qaçmayıb. Bu vaxt it başqa bir komandirin qıçından tutub. Komandir də oğlum qaçmadığına görə, onu itin zənciri ilə cəzalandırıb".

Oğlum hərbi hissədə başına gətirilən bu hadisələri bizə gec danışdı:

"Artıq iş işdən keçmişdi. Mən bunları biləndən sonra hərbi hissənin komandiri ilə əlaqə saxladım. O dediklərimi təkzib etdi. Mənim oğlum sağlam idi. Mənə deyirlər ki, oğlun yanvar ayında hospitala düşüb. Mən araşdırdım, o adda əsgər hospitalda yatmayıb. Oğlumun bölük komandiri də mənə dedi ki, aprel ayının 15-də məzuniyyətə çıxıb. O vaxta qədər Tural mənə hər hansı xəstəliyinin olduğunu deməyib. Heç başı da ağrımırdı. Yalnız iyun ayının 12-də onu Bakıya hospitala gətiriblər. Burada ona leykoz diaqnozu qoyulub. Gətirilmədən bir həftə əvvəl halı pisləşib. Qızdırması başlayıb".

Şəhid atası İsrafil Zamanov oğlunun ölümündə rol oynayan bu olayların araşdırılmasını və həmin şəxslərə layiqli cəza verilməsini tələb edir. (qafqazinfo.az)