Uşağını itirən teleaparıcı üsyana qalxdı – Müsahibə

Xəbər verildiyi kimi, Yasamal Rayonu 2 saylı Qadın Məsləhətxanasının həkimlərinin günahı ucbatından qarnındakı uşağının öldüyünü iddia edən "Space" kanalının aparıcısı Zamira Dadaşova bu məsələ ilə bağlı qaldırdığı məhkəməyə iddiasında da məğlub olub.

Z.Dadaşova son günlər yaşadığı xoşagəlməz olaylarla bağlı AzNews.az-a müsahibə verib.

- Həkimlərin başınıza gətirdiyi olayla bağlı aidiyyəti qurumlar, konkretləşdirsək, Səhiyyə və Ədliyyə Nazirlikləri nə deyir?

- Artıq mənim başıma gətirilən hadisə bir çoxlarına bəllidir. Məsuliyyətsiz və savadsız həkimlərimizin başıma gətirdikləri bu müsibətə və şəxsi mənafeyi insan haqlarından, ədalətdən, ölkə qanunvericiliyindən üstün tutan hakimin ədalətsiz qərarına qarşı mübarizədə mənə dəstək olan hər bir həmkarıma, vətəndaşımıza minnətdarlığımı bildirirəm. Dəyərli millət vəkillərimiz Fazil Mustafaya, Musa Quliyevə, Qənirə Paşayevaya da ədalətli mövqelərinə görə təşəkkür edirəm. Amma nə yazıq ki, aidiyyəti qurumlar - Səhiyyə və Ədliyyə Nazirlikləri hələ də susur.

- Hadisə ilə bağlı başqa hansı dövlət qurumlarına müraciət etmisiniz?

- Cənab prezidentə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya, daxili işlər, səhiyyə və ədliyyə nazirlərinə, baş prokurora, Ali Məhkəmənin sədrinə müraciət etmişəm. Övladımı itirdim, ölümün bir addımlığından döndüm. Hadisənin üstündən iki il keçsə də, psixoloji-mənəvi sarsıntılarım hələ də keçməyib. Və yəqin ki bir ömür də bu faciəni unuda bilməyəcəm. Bu ağrıları itirdiyim sağlamlığıma görə də xatırlayacam. Bir ömür məni yandıracaq. Əlaqədar təşkilatlardan ədalətli qərar gözləyirəm. Bu mənim itirdiklərimi qaytarmasa da, məsuliyyətsiz, işinə barmaqarası baxan həkimlərin, hakimlərin cəzalandırılması heç olmasa, cəmiyyətdə bundan sonra baş verəcək onlarla belə faciənin qarşısını alar. Analar övladlarını, sağlamlıqlarını itirməz.

- Hadisə necə olmuşdu?

- Mən Yasamal Rayonu 2 saylı Qadın Məsləhətxanasında hamiləliyimin 14-15-ci həftəsində qeydiyyata durmuşam. Hadisə baş verən günə qədər 6 dəfə həkim müayinəsindən keçmişəm. Buna baxmayaraq, bəzi qeydlər hamilə və zahı qadının müşahidə vərəqəsində aparılmayıb. Baxmayaraq ki, həmin tarixlərə analizlərin cavabları isin içində var. Axırıncı dəfə mayın 31- də qadın məsləhətxanasında olmuşam. Və heç bi problem olmadığını, mənə dekret açdıqlarını bildiriblər. Bir gün sonra isə dəhşətli ağrılarla Perinatal Mərkəzə getməli olmuşam. Orada həkimlər mənim vəziyyətimi gördükdə, sözün əsil mənasında şok düçüdülər. Sahə həkimini dəfələrlə Perinatal Mərkəzə Perinatal Mərkəzə dəvət etsələr də, həkim Sona Aslanova həmin vaxt gəlməkdənsə, iki gün sonra təşrif buyurmuşdu.

Övladımı isə bir gün sonra itirdim. Bunu məndən gizlətsələr də, hiss edirdim ki, artıq oğlum yoxdur. 8 gün reanimasiyada yatmışam və bu müddət ərzində çox əziyyət çəkmişəm. Bütün daxili orqanlarım fəaliyyətini dayandırmaq üzrə, orqanlar suyun içində idilər, boğulurdum, qara ciyərin implantasiyasından da söhbət gedirdi. Mən isə yalnız evdə qalan iki oğlumu, mən olmasam, onların necə böyüyəcəklərini düşünürdüm. Sağ olsun bizim savadlı həkimlərimiz ki, məni bu vəziyyətdən çıxardılar. Perinatal Mərkəz ilkin mərhələdə, Gömrük Hospitalı isə sonrakı mərhələlərdə yardımçım oldu.

- Nə əcəb Həmin vaxt müalicə üçün başqa ölkəyə getməyi düşündünüz?

- Düzdür, başqa bir ölkəyə də getməyi düşünürdük. Amma həkimlər icazə vermirdilər. Bəlkə də mən bu gün sağ qalmamda ən çox ailəmə borcluyam, atama, bacıma, həyat yoldaşıma və əlbəttə, iki oğluma. Onlar məni yaşatdı. Unudulmaqdan qorxurdum. Çünki onları mənim yanıma gəlməyə qoymurdular. 7-ci gün reanimasiyada olanda baş həkimə yalvarırdım ki, uşaqlarımı görmək istəyirəm. Elə bilirdim, mənə nəsə olacaq, onları bir də görməyəcəm. İcazə verdilər. Amma o halda idim ki, 65 kq-dan 100 kq-ya çəkim qalxmışdı. İnanın uşaqlar məni tanımadılar. Bu da mənə daha bir dərd oldu. Bütün bunlara necə göz yummaq olar? Əslində deyə biləcəklərim çoxdur. Məhkəmə bunlara göz yumdu. Haqqı yox, haqsızı müdafiə etdi. Mən növbəti instansiyalarda ədaləti axtarmaqda davam edəcəm. Haqqımı sübut edənə qədər dayanmayacam. Demokratik bir ölkədə bu cür haqsızlıq edənlərin cəzasız qalmayacaqlarını bilirəm. Rəsmi qaydada məhkəmə texniki ekspertizası tərəfindən təsdiq olunan sənəd saxtakarlığına, tibbi ekspertizanın düzgün müayinələr aparılmış olsaydı, uşaq ölümü olmazdı ifadəsinə, Azərbaycan Respublikasının səhiyyə nazirinin 5 aprel 2010-cu il tarixli 19 nömrəli əmrinin tələblərinin pozulmasına, övladını itirən ananın bundan sonra ana ola bilməyəcək faktına və bütün bu hadisələrin mənim psixoloji durumuma təsirini nəzərə alsaq, məhkəmənin bu baş verənlərə nəyə görə göz yumduğunu anlaya bilmirəm. Əlavə edim ki, iki ay bundan əvvəl məhkəmənin qərarı elan olunsa da, bu günə mənə qədər qərarın hazır olmadığı bildirilir. Obyektiv, tam araşdırma aparmadan, dövlətin adından çıxarılmış qərarlar hakimlər tərəfindən pozulmaqla dövlətə və dövlətçiliyə xidmət edən Azərbaycan qadınına vurulan bir zərbə yox, həm də dövlətimizin imicinə vurulan bir zərbədir.

Bahar Rüstəmli
AzNews.az