Qadınların seçkilərlə bağlı yeni planları var

Qarşıdan gələn prezident seçkilərində qadınları fəal iştiraka çağıran "Qadınlar və seçkilər" koalisiyası növbəti tədbirlərini Qusar və Şabran rayonlarında keçirdi.

Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə yardımı ilə yaradılan koalisiyaya 5 qadın təşkilatı daxildi.

"Prezident seçkilərində qadın seçicilərin seçki aktivliyinin artırılması" layihəsi çərçivəsində Bakının 2 rayonu daxil olmaqla, ümumilikdə 12 rayonda yerli qadın seçicilərin iştirakı ilə konfransların keçirilməsi nəzərdə tutulub.

Qusar və Şabran mədəniyyət evlərində keçirilən tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, Quba Regional Qeyri Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin rəhbəri Eynulla Xeyrullayev, Azərbaycan Respublikasının Əməkdar artisti Ağalar Bayramov, Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Quliyeva və mərkəzin ekspertləri, "Sahibkar qadınlar" İB-nin sədri Zemfira Ağayeva çıxış edərək qadınları fəal vətəndaş mövqeyi nümayiş etdirərək 9 oktyabrda keçiriləcək prezident seçkilərində iştirak etməyə çağırıblar.

Konfransda qeyd edilib ki, Şərq ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda, 1918-ci ildə qadınlara seçki hüququ verilib. Azərbaycan müstəqillik əldə edəndən sonra qadınlar demokratik şəraitdə keçirilən seçkilərdə iştirak edərək, azad şəkildə öz iradələrini ifadə ediblər.

Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Quliyeva sövet dövründə qadınların seçkili orqanlarda işləməsi ilə bağlı tətbiq edilən kvota sistemini xatirladıb və bildirib ki, hazırda qadınlardan könüllü şəkildə ictimai və dövlət işlərində iştirak etmələri tələb olunur:

"O vaxtların qeyri-rəsmi kvota sistemi öz bəhrəsini verir, bu gün Milli Məclis üzvlərinin 16%, bələdiyyə orqanlarının isə 26,5%-ni qadınlar təşkil edir".

Qusar Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ema Tarverdiyeva bildirib ki, rayon əhalisinin 51%-i qadındı və onlar əsasən kənd təsərrüfatı sahəsində çalışırlar. Bununla yanaşı, idarəetmə, bələdiyyə, təhsil və səhiyyə sahəsində də fəal olan qadınlar var.

Qusarlı qadınlar Zemfira Ağayevanın sahibkar qadınlar üçün hökumətin yaratdığı güzəştli şərtlər barədə çıxışını maraqla dinləyiblər.

Z.Ağayeva bildirib ki, kənd təsərrüfatı sahəsində sahibkarlıqla məşğul olan qadınlar hökumətdən faizsiz kredit götürə bilərlər.

AzNews.az