General-leytenant Ilham Əliyevə raport verdi

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycanın qərb bölgəsinə səfəri çərçivəsində Şəmkir hərbi birləşməsinin hərbi şəhərciyində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub.


Şəmkir hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov İlham Əliyevə raport verib. Prezidentə məlumat verilib ki, əsgər klubunun girişində Heydər Əliyev Muzeyi yaradılıb. Burada, həmçinin müasir standartlara cavab verən 500 nəfərlik tamaşaçı zalı, kitabxana, oxu zalı, kompyuter otağı, müxtəlif dərnəklər fəaliyyət göstərir. Ali Baş Komandan üç binadan ibarət əsgər yataqxanası ilə tanış olub.

Bildirilib ki, burada şəxsi heyətin asudə vaxtının səmərəli təşkili üçün idman guşələri, istirahət otaqları vardır. Şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaradılmış otaqlar bütün növ avadanlıqla təchiz olunub.

Yataqxanalardakı ideoloji otaqlarda şəxsi heyətin hərbi tərbiyəsinin və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi üçün tədbirlər həyata keçirilir. Hərbi şəhərcikdə sıra meydanı, idman şəhərciyi və hovuz yenidən qurulub. Burada tribuna, futbol, basketbol, voleybol, tennis meydançaları, maneələr zolağı, şəxsi heyətin güc çalışmaları üçün müxtəlif idman alətləri, əlbəyaxa döyüş meydançası və üzgüçülük idmanı ilə məşğul olmaq üçün hovuz fəaliyyət göstərir. Hərbi hissədə hamam, camaşırxana və qazanxana binaları tikilib.

İlham Əliyev 1500 nəfərlik əsgər yeməkxanasına baxıb. Qeyd edilib ki, burada nəzarət-buraxılış məntəqəsi, valideynlərlə görüş otağı da yenidən inşa olunub.

Ali Baş Komandan hərbi hissənin ərazisində aparılan abadlıq-quruculuq işlərinin davam etdirilməsi barədə müvafiq göstərişlərini verib.

AzNews.az