AMEA-nın qızıl medalı təsis ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) alimlərin elmi araşdırmalarda əldə etdikləri yüksək nailiyyətlərinin qiymətləndirilməsi üçün Nizami Gəncəvi adına qızıl medal təsis ediləcək.

APA-nın xəbərinə görə, AMEA-nın prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib ki, bu, elmin inkişafına mühüm töhfələr verən alimlərin elmi fəaliyyətinin stimullaşdırılmasında başlıca amillərdən biridir. Onun sözlərinə görə, bu medal Azərbaycan elminin inkişafında görkəmli nailiyyətlərinə görə seçilən alimlərə təqdim ediləcək.

A. Əlizadə AMEA üzvləri üçün döş nişanlarının təsis olunmasının vacibliyini də qeyd edib. Akademik bildirib ki, döş nişanlarının eskizində Nizami Gəncəvi təsvirinin əks olunmasını düşünülür: "Bu barədə danışıqlar aparılıb, razılıq əldə olunub. Hazırda texniki işlər görülür və döş nişanlarının eskizi hazırlanır. Bundan əlavə, akademiyada adlı mükafatları yaratmaq niyyətindəyik. Hər bir bölmədə bu məsələ müzakirə ediləcək və yekun qərar veriləcək".

AzNews.az