Milli parklarda bəbir - Fotolar

Bəbirlərin, onların rəqib növlərinin və qida obyektlərinin populyasiyalarının mühafizə olunan ərazilərdə daimi surətdə inkişafı qeydə alınıb

Bu barədə AzNews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birlikdə yay aylarında Hirkan və Həsən Əliyev adına Zəngəzur Milli Parkları ərazisində keçirdikləri monitorinqlər zamanı Hirkan Milli Parkı ərazisində bir yetkin erkək bəbir daim foto kameraların hədəfində olub. Müşahidələr onun əsas qidasını təşkil edən çöl donuzları, cüyür, tirəndaz və s. növlər olduğunu göstərib.

Həsən Əliyev adına Zəngəzur Milli Parkı ərazisində də yay aylarında iki yetkin dişi bəbir qeydə alınıb. Bu ərazidə bəbirlərin qida mənbəyi sayılan bezoar keçiləri və muflonların yerli populyasiyalarının dinamik inkişafı barədə qiymətli fotoqrafik məlumatlar əldə olunub:

"Mütəxəssislərin rəyinə görə, mütəmadi olaraq aparılan monitoronqlərin nəticələri Azərbaycan təbiətinin nadir heyvan növlərinin öz areallarına qayıtması prosesinin heç də təsadüfi xarakter daşımadığını deməyə əsas verir. Bu, son 10 ildə Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində mühafizə tədbirlərinin kompleks şəkildə gücləndirilməsinin nəticəsidir. Sözügedən fakt son illər Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində biomüxtəlifliyin qorunması sahəsində görülən işlərə və ekoloji maarifləndirmə tədbirlərinə real nümunə hesab olunur".


Ruhiyyə
AzNews.az
image description image description