Həmkarları mərhum Elnarə Tofiqqızını belə xatırlayır

"Həyatdan belə tez köçməyi məni çox kədərləndirdi"


Sentyabrın 20-də əməliyyat olunmaq üçün getdiyi özəl klinikada dünyasını dəyişən Elnarə Tofiqqızı Bakı Slavyan Universitetinin "Yaradıcılıq" fakültəsinin dekanı, ədəbi tənqidçi, həm də Milli Kitab Müsabiqəsində (MKM) ekspertlərdən biri idi. MKM-çilər iki il birlikdə işlədikləri ədəbiyyatşünas-yazarı necə xatırlayır?

MKM eksperti Mahir Qarayev modern.az-a açıqlamasında bildirib ki, jurnalist Anar Niftəliyevi tanısa da, Elnarə Tofiqqızının onun xanımı olmasından bixəbər idi. "Onunla Milli Kitab Müsabiqəsində tanış olduq. İlk gündən sona qədər son dərəcə abırlı, ismətli, əxlaqlı qadın, əsl Azərbaycan xanımı, sözünün yerini bilən, böyük-kiçik yeri gözləyən, eyni zamanda prinsipial bir ekspert kimi tanıdım. Kitab Müsabiqəsində kitabları oxuyarkən, mübahisəli durum olanda telefonla zəngləşib bir-birimizin fikirlərini öyrənirdik. Onu yaxşı tənqidçi-ekspert kimi, həm də gözəl Azərbaycan xanımı kimi xarakterizə edə bilərəm. O xəbəri qəfil eşitdim və bu mənə pis təsir etdi. Onun heç zaman xəstə yatdığını, xəstəliyini görməmişik və gülərüz xanım kimi tanımışıq. İki uşağı var, amma mən onun böyük qızını tanıyıram, özü ilə bir-iki dəfə işə aparıb-gətirirdi. Bir dəfə mənə göstərib dedi ki, qızımdır. Dedim, Elnarə, sən onu heç deməyə də bilərsən, sənə o qədər oxşayır ki... Ölüm xəbərini eşidəndə birinci o uşaq, təxminən 2-ci sinifdə oxuyan uşağın bu faciəni necə yaşayacağı gözümün önünə gəldi. Allah rəhmət etsin!".

"Əli və Nino" kitab mağazaları şəbəkəsinin sahibi və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli isə Elnarə Tofiqqızını belə xatırlayır: "Ona böyük hörmətim var idi, qeyri-adi insan idi, həmişə düzünü deyirdi. Yalan deyə bilmirdi. İndiki zamanda bu nadir xüsusiyyətdir. Eyni zamanda müdrik insan idi. Onunla söhbət edəndə məndə hər zaman gözəl hislər olurdu. Telefonla danışanda söhbətlərimiz elə olurdu ki, yarım saat çəkirdi. Maraqlı o qədər mövzu var idi, onları müzakirə edirdik. Onunla danışmaqdan zövq alırdım və həqiqətən də zövqlü bir insan idi. Onun ölümü mənə pis təsir etdi".

MKM eksperti Yaşar Əliyev isə Elnarə Tofiqqızının əsl azərbaycanlı xanımı kimi tanıdığını bildirib. "Rəhmətlik Elnarə Tofiqqızı ilə bir yerdə Milli Kitab Müsabiqəsində olmuşuq. Ekspert kimi o da iştirak edirdi. Bu müddət ərzində onu əsl Azərbaycanlı xanımı kimi gördüm. Onun savadını, intellektini kənara qoyuram, hər şeydən öncə bir xanım idi, övladına, həyat yoldaşına da münasibətdə bu hiss olunurdu. Həyatdan belə tez köçməyi məni çox kədərləndirdi. Çox savadlı, məsuliyyətli, istedadlı xanım idi. Mən onu elə xatırlayıram. Əvəzsiz insan idi. Bu gün isə insaniyyətlik az adamda rast gəlinən xüsusiyyətdir".

AzNews.az