Çingiz Qənizadə: “İstərdilər ki, Azərbaycan da dirijor çubuğu ilə idarə olunsun”

Oktyabrın 3-də Vaşinqtonda "Freedom House" hüquq müdafiə təşkilatı sayca dördüncü "İnternet azadlığı" hesabatı elan ediləcək. Məruzə dünyanın 60 ölkəsində internetə çıxış, senzura, tariflər və istifadəçiləri hüquqlarını əks etdirir. Təşkilatın ekspertləri rəqəmsal medianın azadlıq vəziyyəti haqqında əsas təmayülləri qiymətləndirir.

Publika.az-a müsahibəsində Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə Azərbaycanda internet sahəsindəki vəziyyətdən danışıb.

-Son illər Azərbaycanda internetin inkişafını və bu sahəyə dövlətin dəstəyini necə qiymətləndirirsiniz?

-İnternetə çıxış və yaxud internetdən istifadə zamanı dövlət orqanları tərəfindən hansısa problemlərin olması barədə jurnalistlər bəzən suallar verirlər. Sualların bəziləri professional, bəziləri qeyri-professional, bəziləri də qərəzlidir. Qeyd edək ki, Azərbaycanda bu gün hər kəsdə internetdən sərbəst istifadə etmək hüququ var. Bu yaxınlarda İmişli və Beyləqanın 40 kəndində seçicilərimlə görüşmüşəm. Hətta kənd yerlərində insanlar internetə çıxış imkanlarını axtarırlar. Əvvəllər insanlar telefon xətlərinin yalnız danışıq üçün çəkilməsini istəyirdilərsə, hazırda internetə çıxış əldə etmək üçün istəyirlər. Ölkənin böyük əksəriyyətində internetə çıxış var. Bir məqama toxunaq ki, Azərbaycan prezidenti cənab İlham Əliyev 3G və 4G sisteminin Azərbaycana gətirilməsində təşəbbüs rolunda oldusa və Azərbaycana gətirdisə, bu artıq sürətli internetə çıxış deməkdir. Bu sistemin işləməsi üçün də dünyanın ən son model texniki avadanlıqları Azərbaycana gətirilib. Bu avadanlıqlar və sistem işlədiyi halda hansı problemlərdən söhbət gedə bilər?

Səsləndirilən iradları heç cür başa düşmürəm. Azərbaycanda internetə çıxış və istifadədə nəinki problemlər var, əksinə bəzən internet vasitəsilə cinayət hadisələri törədilir, insanların şərəf və ləyaqətinə toxunan məqamlar, çağırışlar olur. Yəni, internetdən istifadəyə o qədər geniş imkanlar verilib ki, bəzi insanlar bundan sui-istifadə edirlər. Bir az əvvəl kəndlərdən danışdım, bu gün Azərbaycan əhalisinin böyük əksəriyyəti özünü internetsiz təsəvvür etmir. Dövlət idarəçiliyində elektron hökumət və elektron imzadan tutmuş digər məsələlərin avtomatlaşdırılmasının hamısı yeni texniki nailiyyətlərin əldə olunması ilə bağlıdır. Cənab Prezidentin son illər Azərbaycanda texniki və internet xidmətlərinin, radio və telekommunikasiya xidmətlərinin inkişafına göstərdiyi böyük diqqət və qayğının nəticəsi kimi qeyd edərdim ki, ölkəmiz bu gün internet sürətinə görə dünyanın ən öndə gedən ölkələrdən biridir. Azərbaycandakı müasir texniki avadanlıqlar buna imkan verir.

Hətta Avropanın bir çox ölkələrində istifadə olunan avadanlıqlardan istifadə etməklə onları da qabaqlayırıq. Bu sahədə müəyyən problemlərin olması barədə deyilən fikirlər absurddur.

-Açıqlanan rəsmi məlumatlara görə, ölkə əhalisinin 60-70 faizi internet istifadəçisidir və bu baxımdan vəziyyət qənaətbəxşdir. Bəzi müxalif mətbu orqanlarında bu rəqəmin şişirdildiyi iddia olunur...

-Təbii ki, müxalifətin mövqeyi inkişafa həmişə göz yummaq, problemi böyüdərək daha böyük bir problem kimi ortaya qoymaqdan ibarətdir. Bəzi ucqar kəndlərimiz var ki, orada hələ telefonlaşdırılma başa çatmayıb, amma bu istiqamətdə işlər gedir. Telefonlaşdırılmayan yerlər ümumilikdə heç 5-10 faiz deyil. Azərbaycanın bütün rayon mərkəzləri, rayon mərkəzlərinə yaxın onlarla kənddə internetə çıxış imkanları yaradılıb. Kənd məktəblərində kompüter otaqları yaradılıb və kompüterlərlə təmin olunub. Hər on kənd məktəbindən səkkizində kompüter otaqları var. Bu artıq internetə çıxış deməkdir.

Deyərdim ki, nəinki dövlət problem yaradır, əksinə dövlət hər bir obyektdə internetə çıxış olmasını kömək edir. Kimlərin nə deməsindən asılı olmayaraq, bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycanda internetlə bağlı heç bir problem yoxdur.

-Müxtəlif beynəlxalq təşkilatlar dünyada internetin vəziyyəti ilə bağlı zaman-zaman hesabatlar hazırlayır. Azərbaycana isə bu hesabatlarda adətən aşağı qiymət verilir, internetə çıxışda ciddi məhdudiyyətlər və problemlərin olduğu qeyd olunur, həmçinin sosial şəbəkələrdə hakimiyyəti tənqid edən sadə vətəndaşların izlənməsi və təqib faktları haqqında danışılır. Bu barədə nə deyə bilərsiniz?


-Beynəlxalq təşkilatlar zaman-zaman hesabatlar hazırlayanda və yeni nələrisə tapmayanda köhnə şeyləri də təkrarlamağa üstünlük verirlər. Bir misal çəkim. Bir dəfə ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair illik hesabatında 6-7 il əvvəlki hesabatındakı səhv rəqəmlər yenidən göstərilmişdi. Bu hesabatlarda Azərbaycanda internetə çıxışa qoyulan qadağalar və internetdən istifadə zamanı dövlət orqanlarının tətbiq etdiyi hansısa məhdudiyyətlərlə bağlı konkret faktlar yoxdur. Qeyd etmək lazımdır ki, Azərbaycanın uğurlarına nəinki beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər də sevinmir.

Çox istərdilər ki, Azərbaycan da Ermənistan vəziyyətində olan, iqtisadi cəhətdən kasıb, asılı, özünün siyasəti olmayan, kimlərinsə dirijor çubuğu ilə idarə olunan bir dövlət olsun. Şükür Allaha ki, Azərbaycan bütün bunların hamısından uzaqdır, özünün siyasəti, müstəqil mövqeyi var. Bəzi beynəlxalq təşkilatlar ayrı-ayrı dövlətlərin siyasi maraqlarına xidmət edən siyasi məqamları insan hüquq və azadlıqları baxımından ortaya atırlar. Mən bu hesabatları qərəzli qiymətləndirirəm. Bu cür hesabatlar gələcəkdə də ola bilər. Amma bugünkü reallıq odur ki, Azərbaycan dövləti dünyada ən sürətli internetə çıxış imkanı verən texniki avadanlıqları vətəndaşlarının istifadəsinə verib. Həqiqətə uyğun olmayan məlumatların istər müxalifətin, istərsə də beynəlxalq təşkilatların hesabatlarında olması Azərbaycana olan qərəzin nümunəsidir.

-Bu cür qeyri-obyektiv məlumatları hesabatlara salmaqla Azərbaycandan konkret olaraq nələr əldə etmək istəyirlər?


-Cənab prezidenti İlham Əliyev bir dəfə açıqlama vermişdi ki, heç bir beynəlxalq təşkilat Azərbaycanla zor gücü və ultimatumla danışa bilməz. Azərbaycanın uğurlarını görüb onları yazmaq istəməyəndə hansısa bir məsələni qabardaraq müəyyən vasitələrdən istifadə edirlər. Hesabatı açıqlamaqla da onu oxuyan 2-3 faiz insanı çaşdıra bilərlər, amma əhalinin böyük əksəriyyəti, həmçinin dünya ölkələrinin çoxu bilir ki, Azərbaycanda internet hansı vəziyyəti necədir. Dövlət Azərbaycanda internetin inkişafına həmişə qayğı göstərib.

-Azərbaycanda rəqəmsal medianın vəziyyətini necə qiymətləndirirsiniz?


-Rəqəmsal media son illər digər medianı üstələməkdə davam edir. Bu media internetin tərkib hissəsidir və hesab edirəm ki, rəqəmsal media gündən-günə inkişaf edir. Bu yaxınlarda Cinayət Məcəlləsinin böhtan və təhqirə görə məsuliyyət müəyyən edən 147-ci maddəyə dəyişikliklər oldu. Qanun layihəsi Milli Məclisə Baş Prokurorluğunu təklifi ilə gəlmişdi. Müxalifət bu dəyişikliyi təzyiq kimi qiymətləndirdi. Bu gün ayrı-ayrı şəxslər tərəfindən başqaları təhqir olunur, onlara qarşı qarayaxma kampaniyası aparılır. Hətta dəyişikliyə qarşı çıxanların özləri bu gün həmin basqının subyektinə çevriliblər, onlar qanundan və dövlətdən kömək umurlar. Hesab edirəm ki, burada da uğurlar çoxdur. Amma təəssüf ki, həmişə olduğu kimi internetdən, rəqəmsal mediadan qərəzli məqsədlər, şantaj xarakterli məlumatlar yaymaq üçün istifadə olunur. Amma bu reallıqdır, inkişaf edən dünyanın bir hissəsidir.

Təbii ki, bu cür internet və media ilə birgə addımlamalıyıq. Eyni zamanda hər bir vətəndaşın normal, sürətli internetdən istifadəsi üçün yaradılan şəraitə görə də dövlətə təşəkkür etməliyik.

AzNews.az