Azərbaycan radiosunda erməni oyun havası

"İtalyanların Rusiyada qeyri-adi sərgüzəştlərin"ə baxmışdım. Amma "Amerikalının Ermənistanda qeyri-adi sərgüzəştləri" (2012-ci il istehsalı) təzə filmdi deyə internetdən çəkib baxdım.

Pis başlamadı. Təsadüf nəticəsində paraşütü kiçik bir təyyarəyə ilişib dincəldiyi Türkiyədən Ermənistana gəlib çıxan amerikalı turist. Ucqar dağ kəndindəki tövlənin damından içəri düşür. Bədbəxti azərbaycanlı casus zənn edib zirzəmiyə salırlar. Anadolu türkcəsində iki-üç kəlmə bilməsi zavallının başına oyun açırlar. Əvvəlcə "casus"un keşiyini çəkən yaşlı Matsak dayı ona hər şeyi olduğu kimi etiraf etməyi məsləhət görür, hələ arada qüssəylə Rəşid Behbudovu da xatırlayır. Sonra kəndin bir cavan heyvərəsi qəzəblə onu sorğulayır...

Komik durumlar davam etdikcə özüm-özümə düşünürdüm ki, "Amerikalının Ermənistanda qeyri-adi sərgüzəştləri"nin Azərbaycanda göstərilməsində qəbahət olmaz. Demə, qənaətimdə çox tələsibmişəm...

Axıra yaxın Ari adlı erməni gözəli amerikalını qəbiristanlığa gətirir və əsl "komediya" burda başlayır: "1991-ci ildə Azərbaycan bizimlə müharibəyə başladı. Bir gündə kəndimiz 28 nəfər itki verdi. Bax o iki dağ arasındakı kabel xəttini görürsən. Onu ona görə çox aşağıdan çəkmişik ki, Azərbaycan təyyarələri bu tərəfə keçə bilməsin..."

Sonrakı epizodlar daha "gülməlidir": erməni qızı və kənd sovetinin maymaq oğlu təsadüf nəticəsində Azərbaycan tərəfinə keçirlər. İki "qoçaq" sərhədçimizdən biri Anini zorlamağa cəhd edir. Və cəsur amerikalı bircə baxışla aşiq olduğu erməni qızını xilas edir...
Filmin son səhnəsində elə personajların söhbəti ilə maraqlı bir mətləb də ortaya çıxır. Demə, ingilis dilindəki "müharibə" sözü, yəni "uor" (war) ermənicə "g" hərfiylə başlayan biədəb məna verir...

Marağa quruluşçu rejissorun tərcümeyi-halına nəzər yetirdim. 32 yaşlı amerikalı Qor Kirokosyan bir neçə komik filmi var. Gerisini heç oxumadım, ehtiyac qalmadı...

Sözümün canı budur ki, gerçək sənət bu sayaq sayıqlamalardan uzaq durmalıdır. Bu mövzuda uzun mübahisəni də yersiz sayıram. Birincisi, ona görə ki, onsuz da hər bir tərəfin öz həqiqəti, öz ədalət meyarı var. İkincisi, Qor Kirakosyanın bu qeydlərimi oxuması ehtimalı sıfıra bərabərdir. Əsas məsələ odur ki, sənət adamları, – fərq etməz, kinorejissor ola, ya yazıçı, – ermənilərlə azərbaycanlılar arasında ayırıcı nöqtələri yox, birləşdirici məqamları qabartmalıdır. Özüm bu yöndə bir təşəbbüsü gerçəkləşdirməyə cəhd edirəm.

Fikrim var ki, erməni yazıçılarının hekayələrindən, ən azı Hrant Matevosyandan tərcümələrdən ibarət bir kitab nəşr edim. İdeyamı bir yazara dedim, bəyəndi, intəhası "Bu layihəyə kim pul ayıracaq", – deyə hüznləndi. Əkrəm Əylislinin "Daş yuxuları"nı da yada saldı.

Bilirəm, hamıda, yazıçıda da, tərcüməçidə də, oxucuda da bir xof var. O xofdan çıxmaq lazımdı. Yada salım, blokadaya alınmış Leninqradda radio ən çox alman bəstəkarlarının musiqisini efirə verirdi...

AzNews.az