İlham Əliyev və xanımı AZAL-da

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 2-də "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışında iştirak ediblər.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi Azərbaycan Respublikasının hava məkanında və bütün aeroportlarında uçuşların idarəedilməsi ilə məşğuldur. Bu idarə Beynəlxalq Mülki Aviasiya Təşkilatı - İKAO-nun tələblərinə uyğun olaraq 1996-cı il aprelin 1-də yaradılıb və Almaniyanın sertifikatlaşdırma orqanı - DQS-nin İSO keyfiyyət sertifikatını alıb. Qurum Azərbaycan Respublikasının quru və su sərhədlərinə ümumilikdə 165,4 min kvadratkilometr ərazidə hava gəmilərinin uçuşlarını idarə edir. Bu idarə tərəfindən xidmət göstərilən hava dəhlizinin uzunluğu 8 min kilometrdən çoxdur.

Diqqətə çatdırılıb ki, dünyanın çoxlu sayda aviaşirkətləri Avropadan Asiyaya və geriyə uçuşlar həyata keçirərkən Azərbaycan Respublikasının hava məkanına daha çox üstünlük verirlər. "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi 2012-ci ildə 130 min, o cümlədən 80 min tranzit hava gəmisinə xidmət göstərib. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşlar həyata keçirən aviaşirkətlərin sayı artmaqdadır. Respublikamızın hava məkanından təyyarələrin artan axınının buraxılış qabiliyyətini təmin etmək məqsədi ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binası istismara verilib.

Qeyd edildi ki, Baş Mərkəzin yeni binasının ümumi sahəsi beş min kvadratmetrdir. Dispetçer qülləsi daxil olmaqla binanın hündürlüyü 65 metrdir. Bina memarlıq quruluşu ilə seçilməklə Heydər Əliyev Beynəlxalq Aeroportunda aerovağzal terminalı daxil olmaqla bütün bina və komplekslərlə uyğunluq təşkil edir.

Binanın birinci mərtəbəsində "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin Administrasiyası, virtual muzey, Aviasiya Meteoroloji və Aeronaviqasiya İnformasiya mərkəzləri, "Azəraeronaviqasiya" İdarəsinin inkişaf və uçuşların təhlükəsizliyi şöbələri, ixtisaslaşdırılmış treninqlərin keçirilməsi üçün müasir avadanlıqla təchiz olunmuş otaqlar, konfrans zalları, yeməkxana, server və rabitə mərkəzi (İP ATS), fasiləsiz elektrik qidalandırıcı mərkəz, havalandırma sistemləri avadanlığı olan texniki otaqlar yerləşir.

Binada Avropa istehsalı olan iki lift quraşdırılıb. Liftlərdən biri ikinci mərtəbəyə, digəri isə 65 metr hündürlükdə yerləşən Hava Hərəkətinin İdarəedilməsi qülləsinə qalxır.

Mərkəzin ikinci mərtəbəsində Baş Hava Hərəkətini İdarəetmə Mərkəzinin əməliyyat zalı yerləşir. Əməliyyat zalından Azərbaycan Respublikasının bütün ərazisində hava hərəkətinin idarə edilməsi və nəzarəti həyata keçirilir. Mərkəzdə quraşdırılmış hava hərəkətinin idarə edilməsinin ən müasir avtomatlaşdırma sistemi - "AIRCON 2100" dünyada məşhur olan istehsalçı - İspaniyanın "İndra" şirkətindən alınıb.

Bu mərtəbədə Hava Hərəkətinin İdarəedilməsi dispetçerlərinin həm standart, həm də qəza vəziyyətlərinə hazırlanması və təkmilləşdirilməsi üçün yeni trenajor kompleksi yerləşir. Burada Hava Hərəkəti İdarəsi qülləsinin radiolokasiya nəzarəti və vizual müşahidə üçün dispetçer trenajoru quraşdırılıb.

Dispetçer İdarəetmə Məntəqəsindən ətraf ərazilər 360 dərəcədə müşahidə edilə bilir. Burada aerodromda uçuşların idarə edilməsi avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş dispetçer masaları (konsollar), hava-yer ultraqısa dalğalı (UQD) radiorabitə sistemi, perronda hava gəmisinin hərəkətinə videomüşahidə sistemi quraşdırılıb.

Mərkəzdə yaradılmış şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı idarənin kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.