Rusiya patriarxından Leyla Əliyevaya yüksək orden

Moskva və bütün Rusiyanın Patriarxı Kirillin sərəncamı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiyada nümayəndəliyinin rəhbəri Leyla Əliyeva III dərəcəli Müqəddəs Apostola bərabər Knyaginya Olqa ordeni ilə təltif edilib.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı Həştərxan vilayətinin rəsmi saytı - astrobl.ru yayıb.


Leyla Əliyeva bu mükafata Həştərxan şəhərində Müqəddəs Apostola bərabər Knyaz Vladimirin abidəsinin ucaldılmasına və Rusiyanın xaç suyuna salınmasının (Rusiyanın xristinalığı qəbul etməsi) 1025-ci illiyinə, həmçinin Rusiya və Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə təltif olunub.

Xatırladaq ki, bu ordenlə dövlət, ictimaiyyət və digər sahələrdə fəaliyyət göstərən xanımlar təltif edilir.
Daha əvvəl Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberq, böyük knyaginya Mariya Vladimirovna Romanovanin bu ordenlə təltif edilməsi mükafatın yüksək statusunu bir daha göstərir.

Qeyd edək ki, orden 1988-ci ildə Rusiyanın xristianlığı qəbul etməsinin 1000 illiyi münasibətilə təsis edilib.

Elnur
AzNews.az
image description