4 kəndə içməli su verildi- Foto

Qobustan rayonunun Ərəbqədim, Göydərə və Cəmcəmli, həmçinin, İsmayıllı rayonunun Kürd Eldarbəyli kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması layihələri uğurla başa çatdırılıb. Bu barədə AzNews.az-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən məlumat daxil olub. Məlumatda bildirilib ki, içməli suyun verilişi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilib.

Bununla əlaqədar hər iki rayonda açılış mərasimi keçirilib. Tədbirlərə "Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin direktoru Etibar Məmmədov da qatılıb. O, bildirib ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur. Bu sahədə işlər şəhər mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə edir: "Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Hazırda "Azərsu" ASC-nin sifarişi əsasında ölkənin 24 şəhər və rayon mərkəzində, həmçinin 300-dən artıq kənd və qəsəbəsində su layihələri uğurla icra olunur. Bu gün daha 2 rayonun 4 kəndində yeni su təchizatı sistemləri istifadəyə verildi. Bununla da içməli sudan əziyyət çəkən Qobustan rayonunun Ərəbqədim, Göydərə, Cəmcəmli və İsmayıllı rayonunun Kürd Eldarbəyli kəndlərinin 4 minə qədər sakini fasiləsiz qaydada içməli su ilə təmin olunub".

Açılış mərasimlərində çıxış edən kənd sakinləri uzun illərdir içməli suyu uzaq məsafədən daşıdıqlarını, həmçinin çay və göl sularından istifadə etdiklərini diqqətə çastdırmış, problemin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, "Azərsu" ASC-nin kollektivinə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, "Qobustan rayonunun Ərəbqədim, Göydərə və Cəmcəmli kəndlərinin içməli su təchizatı sistemlərinin yaradılması layihəsi" Ərəbqədim kəndində 1522, Göydərə kəndində 548, Cəmcəmli kəndində 1309 olmaqla, ümumilikdə 3379 sakinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Həmin kəndlərə içməli su rayon mərkəzini su ilə təmin edən mənbədən - Təsi kəndi yaxınlığındakı subartezian quyularından verilir.

Yeni layihəyə əsasən, Daşarası anbarından içməli suyun özüaxımlı rejimdə nəqlini təmin etmək üçün polad borularla (159 mm diametrli) Ərəbqədim kəndinə 10200 metr, buradan isə Göydərə kəndinə 2010 metr uzunluğunda (114 mm diametrli) magistral su xətləri çəkilib. Ərəbqədim və Göydərə kəndlərinin hər birində ümumi istifadə üçün 1 ədəd bulaq və su dayağı quraşdırılıb. Rayonun Cəmcəmli kəndinə də içməli su Daşarası anbarından verilir. Bu məqsədlə 1000 metr uzunluğunda (114 mm diametrli) magistral, 900 metr uzunluğunda kənddaxili su xətləri çəkilib. Kənd ərazisində ümumi istifadə üçün 2 ədəd bulaq quraşdırılıb. İsmayıllı rayonunun Kürd Eldarbəyli kəndində icra olunan layihə nəticəsində isə 531 sakinin içməli su təchizatı yaxşılaşıb.

Layihəyə əsasən, kəndin yaxınlığında 1 ədəd yeni subartezian quyusu qazılmış və hər birinin tutumu 100 kubmetr olan 2 ədəd su anbarı tikilib. Su mənbəyindən kəndə qədər müxtəlif diametrli polietilen borularla 2096 metr uzunluğunda magistral su xətti çəkilib. İlk dəfə olaraq kənd ərazisində ümumi uzunluğu 5355 metr olan paylayıcı su şəbəkəsi yaradılıb, 100-dək ünvana birləşmə verilib. Kəndin mərkəzində ümumi istifadə üçün 1 ədəd bulaq tikilib.

AzNews.az