Türkiyəli deputatlar Bakı Ali Neft Məktəbində - FOTO

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarın başçılığı ilə Bakıda səfərdə olan TBMM-in millət vəkilləri Mustafa Kabakcı, İdris Güllüce, Adnan Yilmaz, Tulay Selamoğlu, Suay Alpay və Alpaslan Kavaklıoğlu Bakı Ali Neft Məktəbində (BANM) olublar.

BANM-dən verilən məlumata görə, tədbirdə çıxış edən məktəbin rektoru Elmar Qasımov bildirib ki, Azərbaycan və Türkiyə qardaş və dost dövlətlər olmaqla yanaşı, eyni zamanda bütün sahələrdə ən yaxın müttəfiq dövlətlərdir: "Hər iki dövlət ölkələrimizlə bağlı məsələlərin həllində bərabər addım atır və hər hansı maneənin aradan qaldırılması üçün bir-birinə dəstək olur". Azərbaycanın və Türkiyənin keçdiyi tarixi və inkişaf yolundan danışan E.Qasımov vurğulayıb ki, bu gün dünyada aparılan ikili siyasi yanaşma olmasına baxmayaraq, ölkələrimiz bütün sahələrdə sürətlə inkişaf edərək yerləşdikləri coğrafi regionun aparıcı dövlətlərinə və dünya dövlətləri üçün əhəmiyyətli müttəfiqə çevriliblər.

Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən uğurlu layihələrdən və islahatlardan danışan rektor bildirib ki, ölkə başçısı İlham Əliyevin ən önəm verdiyi sahələrdən biri də məhz təhsil sahəsidir. Azərbaycan prezidentinin "Neft kapitalını insan kapitalına çevirək" şüarı da məhz bu sahəyə verilən önəmin göstəricisidir. Daha sonra BANM haqqında qonaqlara ətraflı məlumat verən rektor deyib ki, ali məktəbin yaradılmasında əsas məqsəd inkişaf edən ölkəmiz, eyni zamanda istər Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, ingilis dilli kadrların hazırlanmasıdır.

Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Azərbaycan və Türkiyə dövlətlərinin birgə həyata keçirdikləri siyasi-iqtisadi strategiyanın önəmi haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Bakı-Tibilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Axalkalaki-Kars dəmir yolu xətti, TANAP və s. digər layihələr bunun bariz nümunələrindəndir.

Mustafa Kamal Atatürkün "Kafkasların o biri tarafında bizim kardeşlerimiz var. Ve bir gün gelecek biz mutlaka onlara kavuşacağız" sözləri ilə çıxışa başlayan TBMM üzvü, millət vəkili Mustafa Kabakçı vurğulayıb ki, Azərbaycanın gücü Türkiyənin gücü, Türkiyənin gücü isə Azərbaycanın gücüdür. M.Kabakçı tələbələrə xitab edərək bildirib ki, bu şərəfli missiyanı qorumaq və daha da gücləndirmək artıq gənclərin üzərinə düşür.

Tədbirdə çıxış edən digər millət vəkilləri Azərbaycanla Türkiyə arasındakı qardaşlıq bağları, tarix boyu düşmənlərə qarşı birgə mübarizəsi və bugünkü uğurları haqqında ətraflı məlumat veriblər.

AzNews.az