YAP: Radikal müxalifət təxribatları davam etdirir

"Milli şura"da təmsil olunan radikal siyasi partiyaların nümayəndələri, eləcə də prezidentliyə namizəd Cəmil Həsənlinin müşahidəçiləri ölkə üzrə seçki prosesinin pozulmasına yönəlmiş təxribatları davam etdirməkdədir.

AzNews.az-ın hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, YAP-ın müşahidəçiləri bildiriblər ki, 90 saylı Ağdaş seçki dairəsinin 29 saylı məntəqəsində (Yenicə kəndi) özünü "Milli şura"nın nümayəndəsi kimi təqdim edən "Azərbaycan Press" qəzetinin müxbiri Kərimov Yusif Abduləli oğlu komissiya üzvlərini təhqir edib, səsvermə prosesinə mane olmağa çalışıb. Nəticədə, məntəqədə normal səsvermə prosesini bərpa etmək üçün polis əməkdaşı dəvət edilib.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin Xəzər rayon ərazisində yerləşən məntəqəsində "Milli yol" qəzetinin müxbiri Cəbrayılov Anar səsvermə prosesinin pozulmasına yönəlmiş hərəkətlər edib. Prezidentliyə namizəd Cəmil Həsənlinin müşahidəçisi olan Cəbrayılov Anar əxlaqa sığmayan davranışının qarşısını almaq üçün məntəqəyə polis əməkdaşı dəvət edilib.

"Milli şura"nın 117 saylı Oğuz - Qəbələ seçki dairəsinin 10 saylı məntəqəsində məşvərətli səs hüquqlu nümayəndəsi Davudov Anar Vagif oğlu və 30 saylı məntəqəsində müşahidəçisi Mikayılova Həqiqət Vahid qızı komissiya üzvlərini və müşahidəçiləri təhqir edib, səsverməyə gələn seçicilərə təzyiq göstərib. Onların təxribatçı hərəkətləri barədə akt tərtib olunub.

AXCP-nin Şəki şəhər təşkilatının sədri Abdullayev Əli və tərəfkeşi Hüseynov Həsən 113 saylı Şəki şəhər seçki dairəsinin 9 və 16 saylı məntəqələrində təbliğat işi aparıb, səsverməyə gələn seçicilərə təzyiq göstərərk onları Cəmil Həsənliyə səs verməyə çağırıb. Onların bu qanunazidd hərəkəti komissiya üzvləri tərəfindən aktlaşdırılıb.
Müsavat Partiyasının Zərdab rayon təşkilatının sədri Zülfiyev İbrahim Zülfü oğlı 92 saylı Zərdab - Ucar seçki dairəsinin 3 sayli seçki məntəqəsində kobuq qanun pozuntusuna yol verərək, seçiciləri Cəmil Həsənliyə səs verməyə çağırıb. O, komissiya üzvlərini təhqir etməkdən çəkinməyib. Prezidentliyə namizəd Cəmil Həsənlinin səlahiyətli nümayəndəsi, Müsavat Partiyasının aparat rəhbəri Arif Hacılının qardaşı Mustafa Hacılı 31 saylı Suraxanı seçki dairəsinin 15 saylı seçki məntəqəsində komissiya üzvlərini, müşahidəçiləri və seçiciləri "axşam görərsiniz nə edəcəyik" sözləri ilə hədələyib.

Radikal müxalifətin təxminən 40 nəfər gənc nümayəndəsi 10 saylı Binəqədi seçki dairəsinin 16 saylı seçki məntəqəsinə gələrək qeydiyyatda olmadıqları halda komissiya üzvlərindən onlara bülleten verilməsini tələb edib. Onlar nümayişkaranə şəkildə Cəmil Həsənlinin tərəfdarları olduqlarını bildiriblər.

AzNews.az