“Prezident seçkisinin nəticələri legitimdir“- Beynəlxalq müşahidəçi

"Ədalətli Seçkilər Uğrunda" müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrinin legitimliyini tanıyan hesabat qəbul edib.

Bu gün təşkilatın seçkilərin nəticələrinə dair keçirilən brifinqdə qəbul olunan hesabatda qeyd olunub ki, seçkilər baş tutmuş hesab edilir: "Seçki prosesi, həmçinin optimal təşkil olunub. Prezidentliyə namizədlərin, müşahidəçilərin, seçkinin digər iştirakçılarının hüquqları təmin edilib. Qeydə alınan qüsurlar seçkinin nəticələrinə təsir etməyib. Seçki kampaniyasının gedişi, səsvermə günü açıq və şəffaf, vicdanlı keçirilib. Bu, seçkinin nəticələrinin leqal və legitim tanımasına şərait yaradıb".

Tədbirdə çıxış edən müşahidə missiyasının rəhbəri Rusiyadan olan müşahidəçi Sergey Mirzoev deyib ki, keçirilən sorğuların nəticələrinə, seçicilərin fəallığına dair rəqəmlərə inanırlar: "Seçkilər azad, şəffaf və legitim olub. Buna şübhə etməyə heç bir əsas yoxdur. Seçicilər fəal olublar. Müasir texnologiyalardan istifadə olunub".

Almaniyadan olan müşahidəçi Mixael Hohendahl seçkilərin baş tutduğunu deyib: "Seçkilər yüksək nəticələrlə keçib. Nəticəyə təsir edən ciddi qüsurlar qeydə alınmayıb. Nəticələri qanunu və legitim sayırıq".

Çexiyadan olan müşahidəçi ATƏT-in sabiq vitse-prezidenti Anna Çurdova isə deyib ki, seçicilərin fəallığına hörmətlə yanaşır: "Mərkəzi Avropa ölkələrində bu qədər fəallıq olmur. Məntəqələrdə xırda qüsurlar olub. Lakin bu, nəticələrə təsir edən qüsurlar deyil".

Çexiyadan olan senator Vladimir Driml qeyd edib ki, müşahidə etdiyi məntəqələrdə seçkilər azad, demokratik, şəffaf, ədalətli və açıq şəkildə keçirilib.

Qeyd edək ki, dünən Azərbaycanda prezident seçkiləri keçirilib.

Prezident seçkisində 10 namizəd mübarizə aparıb. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü seçkilərin yekununa dair keçirdiyi brifinqdə bəyan edib ki, ümumilikdə Azərbaycan seçicilərinin 72,31 faizi səsvermədə iştirak edib.

MSK-nın ilkin nəticələrinə görə, Azərbaycanın hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev məntəqələrin 72 faizindən daxil olan protokollara əsasən 84,73 faiz səslə qalib gəlib.

AzNews.az