Təqaüdə göndərilən polkovnik hansı nazirin qohumudur?

Penitensiar Xidmətin təqaüdə göndərilən rəis müavini Mahir Musayevlə bağlı AzNews.az-a maraqlı məlumatlar daxil olub. Belə ki, təqaüdə göndərilən rəis müavini milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudasıdır.

Ədliyyə polkovniki Mahir Musayevlə bağlı daha bir maraqlı məlumat onun vaxtilə mərhum prezident Heydər Əliyevin cangüdəni olmasıdır.

Xatırladaq ki, keçmiş rəis müavini "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanununa müvafiq olaraq ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun əmri ilə təqaüdə göndərilib.

Ədliyyə polkovniki Mahir Çingiz oğlu Musayev ədliyyə orqanlarında qulluq keçmənin yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, Mahir Musayev 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini, 1985-ci ildə isə SSRİ DİN-nin Akademiyasını bitirib. 1975-ci ildən hüquq-mühafizə orqanlarında xidmətə başlayıb. 1988-ci ildə Bakı şəhəri Əzizbəyov rayon Daxili İşlər Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunub.

1992-ci ildən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışıb. 2007-ci ilin fevral ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub. Ailəlidir, 3 övladı var.

Azər
AzNews.az