“Vahid namizədiniz İsa Məsih də olsa...” – ÇAĞIRIŞ

"Həmişə bu fikirdə olmuşam, bu gün də bu fikirdəyəm ki, əxlaqsız adam (ictimai anlamda) heç vaxt haqlı ola bilməz. Fərqi yoxdur, hansı siyasi düşərgədədir, hansı sinfi, qrupu təmsil edir, ilk yarlığı, ismi, mahiyyəti, fəlsəfəsi Əxlaq olmalıdır".

Bu fikirləri Publika.az saytının rəhbəri Aynur Camalqızı deyib. Onun fikrincə, siyasi mübarizə siyasi müstəvidə getməlidir, tərəflər bir-birlərinə hörmət etməyi bacarmalıdırlar: "Qarşısındakı insanlara, onların fərqli fikirlərinə, fərqli idealların arxasınca getmələrinə dözümlə yanaşmağı bacarmalıdır. Bu olmayınca Azərbaycanda siyasi mədəniyyət oturuşmayacaq. Siyasi mədəniyyət olmadan, məncə, siyasi uğurlardan danışmaq əbəsdir. İndi ölkənin ağıllı insanları deyir ki, 9 oktyabr seçkilərindən sonra ölkədə siyasi qütbləşmə daha da artıb.

Facebook-da bunun şahidiyik. İki siyasi düşərgəyə mənsub olan şəxslər bir-birinə potensial düşmən kimi baxır. Nifrət, kin-küdurət, qisas hissləri güclənir. Bu, çox qorxuludur. Siyasi mübarizə siyasi müstəvidə getməlidir. Bir-birimizi sevməyə bilərik, ancaq bir-birimizə hörmət etməyi öyrənməliyik. Başqa yolumuz yoxdur.

Bizim axı şəxsi müstəvidə bir-birimizlə nə problemimiz var? Axı mən günahkar deyiləm ki, bu seçkilərdə Cəmil Həsənli qalib gələ bilmədi. Siz tolerant olmayınca, olmağı öyrənməyincə sizin vahid namizədiniz Cəmil Həsənli yox, İsa Məsih də olsa, qələbə qazanmaq çətin olacaq. Siz aqressivləşdikcə, qarşı tərəf də aqressivləşəcək. Bax, bu barədə ciddi-ciddi düşünməlidir müxalifət liderləri. Gəncləri həbsxanalara doldurmaq, sonra da guya, onları azadlığa buraxdırmaq üçün mübarizə prosesi başlatmaq nəyi dəyişir? Hər seçkisonrası eyni durum, eyni ssenari. Bu, qəhrəmanlıq deyil, vallah, deyil.

Oturub düşünmək, müzakirə açmaq, bir ağıllı yol, üsul, variant tapmaq lazımdır. Yoxsa sən məni təhqir elə, mən sənə cavab verim, emosiyalar qızışsın, mənim sizə nifrətim artsın, siz bütün problemlərin kökünü mənim iqtidarın yanında olmağımda görün... bu, çıxış yoludurmu? Nə olursa-olsun, siyasəti özünə tale seçən insanlar, xüsusən gənclər, xüsusən onların liderləri var gücləri ilə çalışmalıdırlar ki, qarşı tərəfdə özlərinə rəğbət, simpatiya qazansınlar, mən düşünüm ki, baxmayaraq, bu adamla eyni düşərgədə deyiləm, eyni ideyaları bölüşmürəm, eyni yolları yürümürəm, amma o, (onlar) mənim Azərbaycanım üçün vacib, gərəkli adamlardır. Bu, mütləq olmalıdır.

Yoxsa qaraguruh kimi söyüş söymək, təhqir etmək, lağa qoymaq bütün müxalif düşərgəni hörmətdən, nüfuzdan salır. Gizli adlarla, profillərlə bir qadını söyməklə ciddiyyətinizi nə qədər sual altında qoyursuz, bir düşünün. Gizli söyənlərlə, lap elə açıq söyənlərlə Hafiz Hacıyevin nə fərqi var? Bir fərqi varmı?"

AzNews.az