Qarğışın neçə başı var?


Bu dünyada Məhəmməd ümmətindən qeyrisi dara, çətinə düşəndə özünə Allahdan ölüm arzulayırmı? İnanmıram. Avropalı düşdüyü çətin duruma çözüm axtarar, əksər hallarda da tapar. Bizlər neylərik?

Bizi bu durumdan çıxaracaq sehrli bir qüvvəyə sığınarıq. Gözlərik, gözlərik, gəlməyincə də dərhal çarəsizliyə qapılar, ağlar, sızlar, sonda da əlimizi göyə qaldırıb Allahdan ölüm istəyərik: "Allah bir ucuz ölüm göndərmir ki, ölüm, canım da qurtarsın, maşın vursun məni, metro partlasın, başıma bir daş düşsün" və bu qəbildən olan dürlü-dürlü qarğışlar. Əvvəla, özünə, əzalarına bilərəkdən əzab vermək (ya da istəmək), bədənini incitmək ən böyük günahdır, qarğış müəllifi bunu bilməyə bilər. Amma adam özünə heç olmasa sual vermir ki, "yaxşı tutaq ki, mən ölmək istəyirəm, partlamasını arzuladığım metrodakı biçarələrin günahı nədir?" Böyük ehtimalla belə şeyləri ağlının ucundan da keçirmir. Çünki bizdə belədi, hər kəs özünü düşünər, sadəcə.

Ağlımız kəsəndən bir çox dəyərlər kimi qarğış da həyatımızın bir hissəsi olub. Evdə nənəmizdən, baxçada tərbiyəçimizdən, məktəbdə müəllimlərimizdən elə hey qarğış eşitmişik. Məsələn, bir cəbr-həndəsə müəllimimiz vardı, 45 dəqiqəlik dərsdə bizə 40 dəfə "zəlil olasan" deyərdi (yazıq, ömrünün son illərində yataqda zəlil qalmışdı). O vaxtlar biz də mənasını anlamadan, fərqinə belə varmadan zarafatla həmin müəllimin diliylə bir-birimizə "zəlil olasan" deyərdik. Sonra uşaqlardan biri nənəsinə istinadən dedi ki, qarğışın iki başı var, kimə desən, bir ucu da özünə qayıdır. Uşaq idik, qorxduq, daha demədik.

****

Biz millət olaraq emosionalıq, çılğınıq. Bu, məlum. Bizlərin çox (lap çox) sevinəndə ayaqqabımızı çıxarıb oynadığımız kimi, hirslənəndə də qarğış eləməyimiz normal bir şey sayılır. Kimə görəsə bu gözəl xüsusiyyətdi. Ən azı hirsini soyutmağa yardım edir, affekt vəziyyətə çatıb, sonradan peşman olacağın hər hansı səhv hərəkətin qarşısını alır. Yəni, xeyirxah bir işə vəsilə olur (qarğışdakı kəramətə bax ha). Bunda işim yox.
Gündəlik həyatda addımbaşı eşitdiyimiz qarğışlar indi artıq musiqi ahəngiylə də qulağımıza dolur. Hit onluqlarda öndə gedən mahnıları yada salın. Getdiyiniz toyda, məclisdə oxunan mahnılara fikir verin. "Öldüm ay Allah", "Səni yanasaaaan". Bəh-bəh, məclis əhli (xüsusən də xanımlar) hər sətri qarğış yağdıran musiqinin sədası altında qol qaldırıb bir süzür ki, gəl görəsən. Elə bil musiqi duyumu, zövqü, hissi də yediyi yeməyin altında qalıb, deformasiyaya uğrayıb.

Ümumiyyətlə, toylarda ifa olunan mahnılar haqqında ayrıca danışmaq lazımdır məncə. Təkcə elə "Maral " bir yazının mövzusudu. Toplumun susqun reaksiyası, nə çalsalar ona da oynaması belə pedofil ruhlu ("böyüyüb gəlin olasan, mənim olasan" sözlərini başqa hansı anlamda qavramaq olar ) mahnıların çoxalmasına rəvac verir.

Nə dünya ədəbiyyatında, nə də kinosunda qarğışa rast gəlməzsiz. Klassiklərdən tutmuş müasirlərə qədər Azərbaycan yazıçılarının əsərlərində belə nümunələr nə qədər desən. Götürək elə kinomuzu. Öz aramızdı, Azərbaycan filmlərində "kül mənim başıma" ("Mehman" filminin rus variantında bu cümləni "pepel na moyu qolovu" kimi tərcümə eləyiblər), "ikinizi də Allah öldürsün "(Bizim Cəbiş müəllim), " səni görüm elə əyiləsən, bir də dikələ bilməyəsən"(Qaynana) deyimlərini dinləyib ləzzət alırıq. Çünki hər birimiz bu sözlərdə, qarğışlarda öz həyatımızdan bir parça tapırıq, elə deyil?

Hər gün küçədə, yolda, metroda, avtobusda nə söyüşlər, qarğışlar eşidirik, sayı yox, hesabı yox. İnkar eləməyin, hərdən özümüz də küfr edənlərə yoldaş oluruq. Amma elə bilməyin ki, insanlar ancaq əsəbi halda qarğış eləyirlər. Heç də belə deyil. Adam çox istədiyindən də qarğış eləyir hərdən. İnanın inandığımıza, dünyanın heç bir millətinə, dininə mənsub heç bir qadın rəfiqəsinə "ölmüş, nə gözəl paltarın var, mənə qalsın", "yanasan səni, nə gözəl görünürsən" deməz. Vallah deməz, təbii bizdən başqa. Bizim özəlliyimiz bu.

***

Masuro Emoto adlı yapon fotoqraf var. Dünyaca məşhur Emoto "su damcılarına həyat verən sənətkar " kimi tanınıb. Eşitmiş olarsız, dünyanın dörd bir tərəfindən su damcılarını 3 C formatında fotoya alır. Adam bütün ömrünü bu işə həsr eləyib. 70 yaşlı ustad belə bir təcrübə keçirib. Su damcılarının bir hissəsinin fotosunu çəkəndə mahnı oxuyub, şeir deyib, hətta Baxın prelüdlərini "dinlədib" onlara. Başqa bir hissəsi ilə işləyəndə söyüş, qarğış yağdırıb. Nəticə maraqlıdır.

Qarğış "eşidən" fotolar tamaşaçıya soyuq enerji ötürüb, baxanlarda bir gərginlik yaradıb. Sevgiylə, şəfqətlə əzizlənən su damcıları isə şəkillərdə bir tarazlıq yaradıb, şəklə ahəng verib – izləyənlər bu qənaətə gəliblər.

Müsahibələrinin birində bu məsələyə toxunan ustad deyir ki, qarğış su damcılarına belə təsir eləyirsə, bədəninin 70 faizi su olan insanlara, səthinin 70 faizini su təşkil edən dünyaya nələr diktə eləyir, kim bilir.

Bəli, biz çılğın xalqıq, bəzən əsəblərimizə hakim ola bilmirik. Amma bu məziyyətimiz bir-birimizi nifrətə bürüməyimizə haqq qazandırmır. Axı biz həm də istedadlıyıq. Özümüzü, düşüncələrimizi çox gözəl ifadə etməyi bacarırıq. Deməli, qarğışın üzərində bir balaca işləyib, onlara istədiyimiz yöntəmi verə bilərik. Qarğışdan alqış düzəldərik. Təki dilimiz QURUMASIN!

lent.az