“Pərvinə Hüseynova bizim xəstəxanada əməliyyat olunmayıb”- Rəsmi məlumat

"Pərvinə Hüseynovanın bizim xəstəxanada əməliyyat olunması barədə məlumat yanlışdı".


Bunu APA-ya açıqlamasında Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinin məsul həkimi Vidadi Həsənov deyib.

Onun sözlərinə görə, P. Hüseynova adlı xəstə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına oktyabrın 10-da qeysəriyyə əməliyyatından sonrakı vəziyyət, kəskin böyrək çatışmazlığı diaqnozu ilə gətirilib: "Böyrək çatışmazlığı olanda qanın laxtalanma sistemi dəyişir, təzyiq normallaşmır, hətta qansızma da olur. Bizim xəstəxanada Pərvinə Hüseynova əməliyyat olunmayıb, onda cift qalıqları, uşaqlıq qanaxması olub və onun qarşısı alınıb, cift xəstənin bətnindən çıxarılıb. Xəstə Sumqayıtda əməliyyat olunub, orada vəziyyəti ağırlaşdığı üçün bura gətirilib. Cift qalığı qalanda sanatsiya - uşaqlıq divarlarının qaşınması prosesi aparılır, bu prosesi isə əməliyyat sayılmır".

Qeyd edək ki, telejurnalist Afət Telmanqızının qardaşının həyat yoldaşı Pərvinə Hüseynova ötən gün Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumatda da bildirilib ki, sözügedən hadisə Səhiyyə Nazirliyi yanında yaradılmış Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılacaq, həkimlərin rəyi, Tibbi Ekspertizanın nəticələri məlum olduqdan sonra yaxın günlərdə məsələyə aydınlıq gətiriləcək.


AzNews.az