Səlim Müslümov da kadr dəyişikliyinə başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatı həyata keçirilib. Belə ki, yeni nazir Səlim Müslümovun müvafiq əmri ilə Əjdər Feyzulla oğlu Cəbiyev Nazirliyin Aparatının rəhbəri vəzifəsinə təyin olunub. O, bu vəzifədə Elnur Kələntərlini əvəz edib.

Modern.az saytı Əjdər Cəbiyevin tərcümeyi-halını təqdim edir.

Əjdər Cəbiyev filologiya, hüquqşünasılıq və maliyyə-kredit ixtisasları üzrə ali təhsilə malikdir. 1979-1985-ci illərdə müəllim, 1985-1986-cı illərdə Azərbaycan Dəmir Yolu Bakı hissəsinin mülki hissəsində təşkilatçı, 1986-1988-ci illərdə Azərbaycan Respublikası Nəşriyyat Komitəsində kiçik redaktor, 1988-1990-cı illərdə Yazıçıların Yaradıcılıq evində direktor müavini, 1990-1992-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında təşkilatçı vəzifələrində çalışıb. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatının Milli siyasət şöbəsində məsləhətçi, 1994-2002-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində Mətbuat xidmətinin rəhbəri, Mətbuat və protokol bölməsinin rəisi vəzifələrində işləyən Əjdər Cəbiyev 2002-ci ilin dekabrından Dövlət Sosial Müdafiə Fondunun Kadr və Hüquq departamentinin direktoru, 2004-cü ilin oktyabrından isə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının rəhbəri vəzifələrində fəaliyyət göstərib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 117 nömrəli qərarı ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu kollegiyasının üzvü olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

AzNews.az
image description