- Köhnə - Cəmiyyət
- 29 Oktyabr 2013 11:52
- 3 306
Parlamentdə bəzi beynəlxalq qurumlar tənqid edildi
Milli Məclis iclasında Azərbaycanın Avropa ölkələri ilə mövcud əlaqələri müzakirə edilib.
AzNews.az-ın məlumatına görə, deputat Zahid Oruc bəzi beynəlxalq qurumların ölkədə keçirilən seçkilərlə bağlı mövqeyinə işarə edərək, bildirib ki, Azərbaycan xalqının iradəsini nə hansısa beynəlxalq təşkilatın qərarı, nə də kiminsə verdiyi siyasi bəyanat dəyişə bilər: "Bəzi beynəlxalq təşkilatların Azərbaycana təzyiq edərək öz istədiklərini almaq niyyəti görünür. Biz bunun əvvəl də nəticələrini görmüşük. Azərbaycan bundan sonra da öz ənənəvi xəttini davam etdirəcək. Ölkəmiz nə Avropadan qorxur, nə də Rusiyanın egidası altında yaranan hansısa birliyə daxil olacaq".
Deputat Fərəc Quliyev deyib ki, Azərbaycan terrorizmə qarşı mübarizədə öz töhfələrini verir, enerji sahəsində qərblə geniş əməkdaşlığa malikdir: "Azərbaycan bir neçə şəxsin qərəzli mövqeyinə görə Avropa ölkələri ilə əməkdaşlığını pozmayacaq və Qərblə inteqrasiyanı davam etdirəcək".
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və Avropa Parlamentinin daim qərəzli mövqe nümayiş etdirdiyini deyən
deputat Siyavuş Novruzov bildirib ki, bu münasibət Azərbaycan cəmiyyəti tərəfindən mənfi qarşılanıb: "Xüsusilə ATƏT DTİHB-i nə ABŞ-da, nə Rusiyada keçirilən seçkilərə buraxıblar. Avropa dövlətlərinin nümayəndələri Azərbaycanda keçirilən prezident seçkilərini izlədilər və öz pozitiv mövqeyini bildirdilər".
Deputat Asim Mollazadə bildirib ki, bu təzyiqlərin arxasında Azərbaycanın strateji inkişaf xəttinin qarşısını almaq niyyətləri dayanır: "Lakin onlar bu istəklərinə nail ola bilməyəcəklər. Azərbaycan 20 ildir ATƏT-in üzvü olsa da, DTİHB-də təmsil olunmur. Ermənistanın isə bu qurumda 4 təmsilçisi işləyir ki, bu da müvafiq suallar doğurur".
AzNews.az