Nazirlik qanunu pozanları cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Suraxanı rayonu Günəşli qəsəbəsi ərazisində yerləşən "Bakı Tikinti Materialları" ASC-yə məxsus kərpic istehsal edən zavodun fəaliyyəti nəticəsində atmosfer havasının çirklənməsi ilə bağlı daxil olmuş şikayət məktubu Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Aparılan araşdırma zamanı kərpic zavodunun fəaliyyəti zamanı mövcud qaz-toz tutucu qurğuların istismar qaydalarının ciddi surətdə pozulması səbəbindən atmosfer havasının normadan artıq çirklənməsinə yol verildiyi, tikinti tullantılarının düzgün idarə olunmadığı müəyyən edilib.

Bununla yanaşı, şikayət məktubunda zavodun ətraf ərazilərində tikinti materiallarının satılması, ərazinin qum və daş bazarına çevrilməsi kimi göstərilən məlumatlar da araşdırılıb. Araşdırma zamanı Səhmdar Cəmiyyətə məxsus ərazinin ayrı-ayrı fiziki şəxslərlə bağlanmış müqavilə əsasında tikinti materiallarının pərakəndə satışı üçün icarəyə verildiyi, qum və çınqılın geniş ərazidə səpələnmiş halda açıq havada yerləşdirildiyi, nəticədə küləkli hava şəraitində tozun göyə sovrularaq ətraf ərazilərə yayıldığı qeydə alınıb.

Qeyd olunan faktlarla bağlı ASC-nin İdarə Heyətinin sədri Ramiz Həsənovun üzərinə protokol tərtib edilib, o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 2500 manat məbləğində cərimə olunub.

Eyni zamanda, müəssisəyə məxsus ərazinin bir hissəsinin şəhərin müxtəlif yerlərindən gətirilən istehsalat, təmir-tikinti və qismən də məişət tullantıları ilə doldurularaq qeyri qanuni tullantılar poliqonuna çevrildiyi müəyyən edilib. Sözügedən əraziyə tullantıları daşıyaraq qeyri qanuni yerləşdirdiklərinə görə iki nəfər sürücü- Məstalı İsmayılov və Etibar Muradov barəsində protokol tərtib olunaraq hər biri 700 manat məbləğində cərimə edilib. Əraziyə tullantı daşıyan digər maşınların sürücülərinin şəxsiyyətinin təyin olunması və inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı rayon Polis İdarəsinə, həmçinin qanunsuz fəaliyyət göstərən tikinti materialları bazarının fəaliyyətinin dayandırılması, istehsalat və məişət tullantılarının qeyri qanuni olaraq ərazidə yerləşdirilməsinin qarşısının alınması məqsədilə təcili tədbirlərin görülməsi üçün isə Suraxanı və Xətai rayonlarının İcra Hakimiyyətlərinə məktubla müraciət olunub.

AzNews.az