“Mediada qanqaraldıcı xəbərlər ön plandadır”- İlham Əliyev

"Əfsuslar olsun ki, dünya mediasında, o cümlədən Azərbaycanda da daha çox qanqaraldıcı xəbərlər ön plandadır, daha çox sensasiyalara, fəlakətlərə, terror aktlarına üstünlük verilir və medianı izləyərkən elə bir təsəvvür yarana bilər ki, dünya alovlanıb yanır, hər yerdə toqquşmalar, müharibələr, partlayışlar, terror aktları".

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxışı zamanı deyib. Prezident bildirib ki, ancaq dünyada nə qədər gözəl, müsbət hadisələr baş verir: "Əfsuslar olsun ki, onlar bir qədər arxa plana keçir. Və burada söhbət, əlbəttə ki, media nümayəndələrinin məsuliyyətindən gedir. Əgər biz dünyada əməkdaşlığı, sivilizasiyalararası dialoqu gücləndirmək istəyiriksə, biz bütün imkanlardan istifadə etməliyik".

Dövlət başçısı hesab edir ki, dünyada baş verən müsbət hadisələr də medianın əsas mövzularına çıxarılmalıdır. Çünki belə olmasa, informasiya ancaq birtərəfli olacaq: "Əlbəttə ki, siyasətçilər bu məsələyə müdaxilə edə bilməzlər və Azərbaycanda azad media mövcuddur, burada heç bir müdaxilədən söhbət gedə bilməz. Sadəcə olaraq, vətəndaş kimi öz fikirlərimi bölüşmək istərdim və inanıram ki, medianın məsuliyyəti getdikcə artacaqdır. Buna görə hesab edirəm ki, məsuliyyətli yanaşma hər birimizin marağına xidmət göstərəcəkdir".

Dövlət başçısı qeyd edib ki, Forumda bu gün qloballaşan dövrdə medianın aktual məsələləri müzakirə ediləcək: "Bu da dəyirmi masada çox böyük diqqət cəlb edir. Əlbəttə ki, bu da çox maraqlı mövzudur. Bilirəm ki, bu mövzu ilə bağlı müxtəlif fikirlər var və bu fikirlər arasında çox böyük fərq var. Bir tərəfdən, biz internet dünyasında yaşayırıq və bu böyük üstünlüyümüzdür. Qeyd etməliyəm ki, Azərbaycanda internet tam azaddır və əhalimizin 70 faizi internet istifadəçiləridir. Belə olan halda azad medianın inkişafı əsas şərtdir. Digər tərəfdən, qloballaşan dünyada hər bir sözün, hər bir informasiyanın təsiri də çox böyükdür. Və istənilən yerdə deyilən hər bir söz dərhal əks-səda verə bilər və bu gün insanlar daha çox informasiyanı, xəbərləri intertnet vasitəsilə alırlar və burada həm siyasətçilərin, həm media nümayəndələrinin, ictimai xadimlərin məsuliyyəti də ön plana çıxır".

AzNews.az