Ata kimə deyilir? “Mujik”ə, yoxsa…

Uşaq vaxtı hamı ata-anasını ideal hesab edir. O vaxta qədər ki, daha çox adamın əhatəsində olurlar və idealı başqa cizgilərdə axtarmağa başlayırlar.

Amma bir dostum deyir ki, qızlar daha çox atalarına oxşayan kişiləri sevirlər. Əslində atasına oxşayan kişi tipini sevməsə belə. Yəqin bu, şüuraltında qalan kişinin - ATAnın ideal tipidir. Şüraltı bütün gələcəyimizi quran amildir axı.

Eyni zamanda anasını sonralar bəyənməyən oğul dünyalar qədər sevdiyi xanımda onun əlamətlərini axtarır: Anam filan yeməyi çox yaxşı bişirərdi, - deyə.

Zaman-zaman bu kor-koranə sevgi müxtəlif şəkillərə düşür, amma itmir. Sadəcə şəklini dəyişir. Dəyişmə isə dünyanı dəyişənə qədər davam edir.

Bəs ATA sevgisi? Yəni qadını hamilə etməyi bacaran hər kəsə ATA demək olar?

Məsələn, qızını namusunu təmizləmək üçün öldürən "kişiyə" ATA demək mümkündürmü?

Bu yaxınlarda məmləkətimizdə daha bir "kişi" qızını öldürüb, sonra başını kəsdi və polisə öz ayağı ilə gedərək təslim oldu: "Qızım pis yolda idi, namusumu təmizləmək üçün öldürdüm".

Yəqin ki, bu atanı türmədə başda oturacaqlar, onu "mujik" deyə çağıracaqlar. Yəni türməyə belə "təmiz" gələnləri "Mujik" deyə, çağırırlar. Bəs nə, "kişi" namusunu elə təmizləyib ki…

Qatil qızını 3-4 yaşı olarkən atıb Rusiyaya getdiyini və 20 ildən sonra qızının pis yola düşdüyünü eşidib, öldürməyə gəldiyini də utanmadan etiraf edir.

Bəs arada qalan 20 ilin hər gününün, saatının, dəqiqəsinin tələb etdiyi və ödənməyən daha çox mənəvi ehtiyacları kim ödəyəcək? Əgər ödəməyə qalxsa belə, artıq zavallı qız dünyada yoxdur.

Bəs yaxşı, pis yol nədir? Və ya "qızım pis yola niyə düşdü?" sualını bu adam özünə verdimi heç? Yəqin ki yox. Bu qatil adam hələ uzun müddət "namus" davasındakı qalibiyyətinin dumanından məst olacaq. Amma bir dəfə də düşünməyəcək ki, qızım niyə bu yolu seçdi?

Mənim ata kimi borcum nə idi? Axı qızıma, xanımıma, bacıma bir dəfə həmdərd oldummu? Bir dəfə qızımın başını sığallayıb, onun nə düşündüyünü, insanlar, dünya haqqında düşüncələrini bölüşdümü?

YOX! Bölüşmədi. BÖLÜŞƏN ATAnın qızı, ƏRin xanımı, QARDAŞın bacısı pis yola düşmür. Bu SEVGİnin müqəddəsliyini qorumaq üçün bütün şirinliklərdən əl çəkməyə hazır olur.

Türkiyənin çox böyük tamaşaçı ordusu yığan bir serialı var: "Çocuklar duymasın".

Serialın əsas qəhrəmanlarından olan Haluk kürəkəninə "qızımı incitmə, sənə həyatımın ən qiymətli dəyərini verirəm, sən də onu mənim qədər sev və qoru!" – deyir.

Bir tikə çörək dalınca dünyaya dağılan atalar, qardaşlar, ərlər onların şirin bir sözünə, sevgi dolu baxışına möhtac olanları gözü yolda qoyduqca türmədə "mujik"lərin sayı artacaq.

O, qadına çörəkdən də vacib olanı SEVGİDİR.

Allah bütün yaratdıqlarına törəmə qabiliyyəti verib. ATA isə ancaq qadını hamilə etməyi bacarana deyilmir. Haluk kimi qızını, oğlunu ən qiymətli dəyəri kimi sevən və qoruyana ATA deyilir. Belələri sonradan namus təmizləmək kimi iyrənc bir vəzifə ilə yüklənmir. Yaş artdıqca vaxtilə övladlarına ötürdüyü SEVGİnin ona qayıdan şirinliyinə yüklənir.

AzNews.az