Misir Mərdanovun Təhsil Nazirliyindəki kadrına cinayət işi açıldı

Baş Prokurorluğun yaydığı məlumata görə, "Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi" İB-nin fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə əlaqədar Ədliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb.
Maliyyə pozuntularına yol verilməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Mərkəzin proqram rəhbəri Elmina Kazımzadə həm də Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının sədridir.

Elmina Kazımzadə AzNews.az-a təşkilatla bağlı cinayət işinin açılması xəbərindən məlumatsız olduğunu bildirib. E.Kazmzadə Təhsil Nazirliyində aparılan kadr islahatlarından sonra da Dərslikləri Qiymətləndirmə Şurasının sədri kimi fəaliyyətini davam etdirdiyini və hazırda dərsliklərlə bağlı tenderin keçirildiyini bildirib: "Mən hələ də nazirlikdə yaradılan Dərslikləri Qiymətləndirmə Şurasının sədri kimi fəaliyyətimi davam etdirirəm. Sadəcə hazırda tender keçirilməsi prosesi gedir. O ki qaldı, Baş Prokurorluğun məlumatına, bizdə yoxlamalar aparılırdı. Ancaq hesab edirəm ki, müəyyən qədər anlaşılmazlıqlar var və bunlar dəqiqləşdirilməlidir. Biz öz tərəfimizdən bütün baş verənləri araşdıracağıq".

Sonda qeyd edək ki, Elmina Kazımzadə sabiq Təhsil naziri Misir Mərdanovun əsas kadrlarından biri idi. O, 2008-ci ildən ictimai əsaslarla Dərnəklərin Qiymətləndirmə Şurasının sədri vəzifəsində çalışır.

Elnarə
AzNews.az