Unudulanlar...

Növbəti səhər açılır. İnsanlar pul qazanmaq üçün həmişəki kimi həvəssiz işə yollanırlar. "Domofonlu", ağır, kodlu qapılar ləng-ləng açılır.

Bahalı, çoxu qara rəngdə olan maşınların səssiz mühərrikləri işə düşür. Həyətdəki sükütu hərdən çalınan və uzun-uzadı davam edən zəng səsləri pozur. İclas müzakirələri, tapşırıqlar, əmrlər səslənir.

Siqaretlər yandırılır, çəkilir, bəzən bu səhnəni öskürək səsləri müşayət edir. Bütün bunların yanında onlar var- unudulanlar . Canlılardır, onları heç kəs düşünmür, onlar unudulub, əslinə nə zamansa xatırlanmayıblar belə .

Unudulanlar pişiklərdir. İnsanların kim olduğunu bilmədən onlara yaltaqlanan, ayaqlarına sürtünən, bu xidmətin müqabilində yeməyə nə isə alacağına ümid edən o balaca varlıqlar.

Bəzən "səmimiyyətləri" müqabilində aldıqları xidmət haqqı özünü insan adlandıran birinin təpik zərbəsi, ən yaxşı halda "rədd ol!" sözləri olur. Sözlərin mənasını başa düşmürlər, amma deyiliş tərzindən səmimiyyətlərinin layiqli qarşılığı olmadığını anlayırlar. Nə də olsa canlıdırlar..

Əslində düşümək olar ki, milyonçu məhəlləsinin bu balaca kirayəşinləri hər gün balıq yeyib, kabab sümüyü ilə oynayırlar. İçməyə hər gün südləri var. Belə həyatdan kim inciyər? Amma bunu düşünənlər insanların pula olan hərisliyinin onlara ətrafda olanları unutdurduğunu unudurlar. "Bu gün bir az daha çox" düşüncəsi həyatı məhv edir. İnsanları puldan başqa heç nə, bəzən heç özləri də maraqlandırmır. Çox şey unudulur, bəzən hər şey, hətta pişiklər də...

AzNews.az