"Onlar ruhi-əsəb xəstəliyindən əziyyət çəkir" "Onlar ruhi-əsəb xəstəliyindən əziyyət çəkir"

Xəstəxanadan qaçan cinayətkarların “ağıllı” keçmişi- Araşdırma

"Onlar ruhi-əsəb xəstəliyindən əziyyət çəkir"





Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasından müxtəlif cinayətlərdə təqsirləndirilən 4 nəfər qaçıb.

Daxili İşlər Nazirliyinin bu barədə yaydığı açıqlamada qaçan şəxslərin müəssisənin Məcburi Müalicə Şöbəsində saxlanıldığı deyilir.

Xəstəxananın adıçəkilən Şöbəsinin müdiri Tural Rzayev Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinən həmin şəxslərin həqiqətən ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiklərini deyib:

"Bu şəxslər ruhi-əsəb xəstəsi kimi qeydiyyatda olub. Hazırda araşdırmalar aparılır. Onların foto-görüntüləri də müvafiq orqanlara göndərilib. Xəstəxanadan qaçan şəxslər hələ tapılmadığından bu barədə geniş məlumat verilmir".

Onun sözlərinə görə, qaçan şəxslər mühafizə polisi serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə vurmayıblar. T.Rzayev onların qapının qıfılını sındıraraq səssiz şəkildə psixiatriya xəstəxanasından qaçıdıqlarını vurğulayıb.

Yayılan bütün xəbərlərdə məcburi müalicə alan xəstələrin saat 06.15 radələrində xəstəxananı tərk etdiyi bildirilir. Bu şəxslərin heç birinin fotosuna mətbu orqanında rast gəlmək mümkün deyil.

Bəs qaçanlar kimlərdir?

Cinayət Məcəlləsinin 177 (oğurluq), 178 (dədləduzluq), 181 (quldurluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Sumqayıt şəhər sakini Elvin Nəsrullayev, Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov.

Qaçanlar barəsində qaldırılan cinayət işləri və törətdikləri əməlləri bir balaca araşdırdıq. Ortaya maraqlı faktlar çıxdı.

2012-ci ilin avqustun 16-da Nəsimi Rayon Polis İdarəsi (RPİ) 22-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da Emil Həbibova qarşı quldurluq edən Şərur rayon sakini Baba Cəlilov və Bakı şəhər sakini Tural Abbasov tutulublar…

2011-ci il iyunun 11-i və 22-də Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində, qəsəbə sakinləri Cavad Babayevə məxsus "VAZ-21074" markalı, Səyyaf Davudova məxsus "Ford Tranzit" markalı avtomaşınların şüşələrini sındırmaq yolu ilə maqnitofonları və yaddaş kartı, Vahid Əsgərova məxsus avtomobil təmiri sexindən, Şakir Qurbanova, Əliağa Qasımova məxsus həyətlərdən 3 ədəd qaynaq aparatı və mis naqillər oğurlanıb.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Ötərxan İsmayılov və Elvin Nəsrullayev saxlanılıblar…

2010-cu il oktyabrın 7-də Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2009-cu il dekabrın 7-də Teymur Abduləzizovu tapança ilə hədələyərək əl-qolunu bağlayıb, evdən 7.000 manat, 4.000 dollar pul və qızıl əşyaları aparmaqda şübhəli bilindiyinə görə Sabunçu RPİ tərəfindən axtarılan Xırdalan şəhər sakini Razim Hacıyev Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində tutulub…

5 iyun 2012-ci ildə Naxçıvan Muxtar Respublikası DİN, Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də Qala qəsəbə sakini İsmət Quliyevin evinə girib onu və arvadı Pərini bıçaqla hədələyərək əl və ayaqlarını yapışqanlı lentlə bağlayıb, oradan 500 manat, eləcə də qızıl əşyalarını aparmaqda şübhəli bilinən Naxçıvan şəhər sakini Ramin Quluzadə Bakı şəhərində, Şahbuz rayon sakini, əvvəllər məhkum olunmuş Yusif Məhərrəmov isə Naxçıvan şəhərində tutulublar.

Baş vermiş hadisədə daha bir maraqlı fakt bir neçə gün əvvəl Bakıda meyiti tapılan polis əməkdaşı ilə bağlıdır.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, noyabrın 15-də, Neapol prospekti, 43 ünvanında meyiti tapılan, 1978-ci il təvəllüdlü Rəşad Nurəddin oğlu Həsənovun ölümü ilə bağlı açıqlanan məlumatdır. Onun intihar etməsinin ehtimal olduğu bildirilir.

Məlumatda həmçinin qeyd edilir ki, R.Həsənov Sabunçu rayon mühafizə polisinin əməkdaşıdır. O, noyabrın 15-də 1 saylı Ruhi Psixiatriya Xəstəxanasından xəstələr qaçan zaman orada xidmətdə olub. Hazırda R.Həsənovun özünə qəsd etməsinin səbəbləri araşdırılır.

Sabunçu rayon Polis İdarəsinin məlumatına görə adı çəkilən 4 nəfər elə Sabunçu rayonu ərazisində yaxalanıblar.

bizimyolinfo.com