“Heydər Əliyev unudula bilməz“- Baş nazirin müavini

Yeni Azərbaycan Partiyası (YAP) ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım tədbiri təşkil edib.

Tədbirdən əvvəl YAP-ın rəhbər üzvləri Fəxri xiyabana gedərək mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edib, əklil qoyublar.

Sonra keçirilən anım tədbirində çıxış edən Baş nazirin müavini, YAP-ın sədr müavini Əli Əhmədov bildirib ki, mərhum prezident Heydər Əliyev unudulmur və unudulmayacaq:

"Azərbaycan xalqının Heydər Əliyev kimi lider yetişdirməsi fenomenal hadisədir. Heç bir xalq milli qürur mənbəyinə çevrilmiş övladını unutmaz. Kiçik xalqlar və dövlətlərin böyük lider yetişdirməsi özü tarixi hadisədir. Azərbaycan xalqı əhalinin sayına görə kiçik olsa da, mən onu heç də kiçik xalq hesab etmirəm. Bu baxımdan Azərbaycan xalqının 20-ci əsrdə yetişdirdiyi böyük oğlu Heydər Əliyev onun milli qürur və iftixar mənbəyidir".

Ə.Əhmədov qeyd edib ki, Heydər Əliyev hər zaman ədalətli lider, ədalətli rəhbər nümunəsi olub. Heydər Əliyev özünə rəva bilmədiyini başqalarına da rəva bilməzdi: "Özünə rəva bildiyini isə başqalarına qadağan etməzdi. O, həmişə ədalətli qərarlar verib.

"Qoy həmişə ədalət zəfər çalsın" deyimi də onun təkcə platforması deyildi, qəlbinin səsi, milli dəyərlərə sadiqliyinin ifadəsi idi. Ona görə də o, hər zaman hər bir vətəndaşın qəlbində ədalətli rəhbər obrazı yarada bilib".

Baş nazirin müavini əlavə edib ki, Heydər Əliyev həm də sədaqətli dost və ailə başçısı nümunəsi göstərib: "Bu mənada Heydər Əliyev unudulan insan ola bilməz. Onu unutmaq mümkün deyil, çünki Azərbaycan xalqının milli ideyasının, milli dərkinin tərkib hissəsidir".

Daha sonra anım mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və digərləri ümummilli liderin Azərbaycan xalqı qarşısında əvəzedilməz xidmətlərindən, bütün region və dünya üçün tarixi qərarlarından bəhs ediblər.

AzNews.az