Pensiya sistemində gözlənilən islahatlarla bağlı Rəsmi məlumat

"Azərbaycanda müasir sığorta-pensiya sistemi formalaşdırılıb"




"Əsas məqsədimiz pensiyaçıların sosial müdafiəsi sahəsindəki davamlı inkişafı bundan sonra da qoruyub saxlamaq, "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" ilə qarşıya qoyulan vəzifələri lazımı səviyyədə yerinə yetirməkdir".

Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev növbəti mərhələdə pensiya sistemində hansı islahat tədbirlərinin aparılmasının zəruriliyinə aydınlıq gətirərkən deyib.

Bu barədə DSMF-nin İctimaiyyətlə əlaqə sektoru məlumat yayıb.

Fondun sədri bildirib ki, bu gün Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sistemi formalaşdırılıb.

"Lakin pensiya sistemində qeyri-sığorta ödəmələrinin məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilməsi halları mövcuddur ki, bu da uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlılığının möhkəmləndirilməsinə və bu sahədə səmərəliliyin artırılmasına mənfi təsir edən amil kimi səciyyələndirilməlidir", - deyən E.Mehdiyevin sözlərinə görə, bunun nəticəsidir ki, sosial sığorta haqları şəklində toplanan vəsaitlərin sığorta prinsiplərinə əsaslanmayan cari ödənişlərə yönəldilməsi, həmin vəsaitlərin fərdi uçot məlumatları əsasında təyin ediləcək pensiya məbləğləri üzrə gələcək öhdəliklərin qarşılanması məqsədilə ehtiyata çevrilməsinə imkan vermir.

Bu isə dövlət pensiya sisteminin müəyyən dövr üzrə sərbəst ehtiyatlara malik olaraq maliyyə bazarında aktiv iştirakı və müasir maliyyə alətlərindən istifadə etməsi imkanlarını məhdudlaşdırır: "Göstərilənlərlə əlaqədar, pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlılığının daha da möhkəmləndirilməsi və bu sahədə səmərəliliyin artırılması məqsədilə ilk növbədə bölüşdürücü funksiya daşıyan şərti yığım sistemi çərçivəsində dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi nəzərdən keçirilməlidir. Bununla yanaşı, muzdla işləyənlər, fərdi sahibkarlar və torpaq payçıları üzrə sosial sığorta normativləri ilə onlara pensiya ödənişi göstəriciləri arasındakı fərqin, başqa sözlə ifadə etsək, sahibkarlığın inkişafına dolayı subsidiyaların pensiya sisteminin sığorta prinsipləri əsasında fəaliyyətinə əlavə maliyyə yükü yaratmadan tənzimlənməsi mexanizmlərinin qurulması da vacib şərtlərdəndir".

DSMF sədri bildirib ki, sosial sığorta haqqı normativinin mövcud strukturu, yəni sığorta haqqının ödənilməsində yükün əsas hissəsinin işəgötürənin üzərinə düşməsi sığortaolunanların aktivliyinin azalmasına səbəb olur. Pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi sığorta haqqı normativinin strukturunda sığortaolunanın məsuliyyətinin tədricən artırılmasını zəruri edir.

E.Mehdiyev qarşıda duran digər islahat tədbiri kimi, vətəndaşlara hazırda ölkəmizdə mövcud olan şərti yığıma əsaslanan bölüşdürücü-həmrəylik sistemindən əlavə pensiya təminatı imkanı verən mexanizmlərin də formalaşdırılmalı olduğunu bildirib. Bu məqsədlə dövlət pensiya təminatında yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsi nəzərdə tutulur.

AzNews.az