Yol polisi bayram günlərində sərxoş “ovuna” çıxacaq - Açıqlama


Bayram günlərində spirtli içki qəbul etdikdən sonra avtomobil idarə edənlər ciddi cəzalandırılacaq.

Bunu AzNews.az-a açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, artıq polisin bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcəyi ilə bağlı ictimaiyyətə məlumat verilib.

Sürücüləri yol-hərəkət qaydalarını pozmamağa dəvət edən DYP rəsmisi xəbərdarlıq edib ki, xüsusən Yeni il bayramı ilə əlaqədar spirtli içki qəbul edərək, sükan arxasına əyləşən sürücülər sərt cəzalandırılacaq:

"Ümumilikdə bütün hallarda yol hərəkət qaydalarını pozan sürücülər ələlxüsus, spirtli içki qəbul etmiş sürücülər cəzasız qalmayacaq. Sürücülər nəzərə almalıdırlar ki, bütün bu halların hamısı son nəticədə insan ölümünə gətirib çıxarır".

Amid Əyyuboğlu
AzNews.az