“Aqrolizinq“ ASC barədə materiallar Baş Prokurorluğa göndəriləcək

"Aqrolizinq" ASC-nin struktur bölmələrinin vəzifəli şəxsləri tərəfindən dövlətə külli miqdarda zərərin vurulması ilə bağlı materiallar Baş Prokurorluğa göndəriləcək.
Hesablama Palatasının Kollegiya iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinə, dövlət büdcəsindən Azərbaycanın BMT yanında Daimi nümayəndəliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Nizami Telefon Qovşağı tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsinə dair keçirilmiş nəzarət tədbirlərinin nəticələri üzrə hesabat və rəylər geniş müzakirə edilərək təsdiq olunub, nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.

Trend Palatanın rəsmi saytına istinadən məlumat verir ki, eyni zamanda, iclasda "Aqrolizinq" ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin (əsas və dövriyyə vəsaitlərinin) struktur bölmələri (Şəki Regional Logistik Bazası, Şəki rayon "Aqroservis" filialı) tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmalara dair hesabat və rəylər müzakirə edilib. Həm "Aqrolizinq" ASC-nin Şəki rayon "Aqroservis" filialının, həm də Şəki Regional Logistik Bazasının vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, etibar edilmiş dövlət əmlakından, o cümlədən ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə halları, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi və bir sıra ciddi nöqsanlara yol verilməklə dövlətə külli miqdarda zərərin vurulması ehtimalı nəzərə alınaraq, yoxlama materiallarının "Hesablama Palatası haqqında" qanunun 2-ci maddəsinin on ikinci abzasının və Azərbaycan Prezidentinin 2009-cu il 22 iyun fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edilib.

Kollegiya iclasında, həmçinin Hesablama Palatasının 2014-cü il üçün İş planı ilə bağlı məsələyə baxılıb, müvafiq təklif və tövsiyələr nəzərə alınmaqla Palatanın növbəti il üçün İş planı da təsdiq edilib.


AzNews.az