“Böyük ruhun qarşısında heç bir güc davam gətirə bilməzdi”

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı xalqı təbrik edib.
Təbrikdə deyilir:

"Əziz soydaşlarım!
Sizləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibəti ilə səmimi qəlbdən təbrik edir, xalqımıza rifah, firavanlıq, əmin-amanlıq arzulayıram.

24 il bundan əvvəl, 1989-cu il dekabrın sonlarında Naxçıvanda İranla sərhədlərin sökülməsi və tikanlı məftillərin parçalanaraq onillərlə Güney həsrətilə yaşayan soydaşlarımıza göndərilməsi böyük bir ruhun, idealına doğru yürüyən xalqın utopik düşüncələrini gerçəkləşdirmək arzusunun ən yüksək məqamıydı. Bu bütövləşmiş, böyük ruhun qarşısında dünyanın heç bir gücü davam gətirə bilməzdi. Azərbaycanı müstəqilliyinə qovuşduran da bu böyük birliyin, həmrəyliyin, bir ideal uğrunda yumruq kimi birləşməyimizin bəhrəsidir.

Məhz bu birlikdən narahat olanların apardığı təbliğat, şayiələr, səpdikləri şübhə toxumları sonrakı illərdə həmrəyliyimizin pozulmasına və itkilərimizə gətirib çıxardı. Daxili siyasi mübarizələr, qardaş qarşıdurmaları, cəbhələşmələr nəticə etibarilə əsl düşmənin əl-qolunu açdı, torpaqlarımızın işğalına imkan yaratdı.

Hələ o zaman – 1992-ci ildə nicatımızın vətəndaş həmrəyliyindən, milli birlikdən keçdiyini mənəvi və siyasi ideologiya olaraq irəli sürdük. Zaman göstərdi ki, milli birlik, həmrəylik olmadan, qarşılıqlı anlaşma olmadan heç nəyə nail olmaq mümkün deyil.

Bu gün də Azərbaycanın gələcəyi, torpağımızın azadlığı, dünyada səsimizin, sözümüzün, həqiqətimizin tanınması həmrəyliyimizdən keçir. Bizi xalq olaraq qarşıda hələ çox böyük hədəflər gözləyir. İstəsək də, istəməsək də - bu hədəflərə doğru getmək xalqımızın taleyinə, qismətinə yazılıb. Bu hədəflərə çatmağın yeganə yolu isə əlbəttə ki, həmrəyimizdən asılıdır.

Əziz soydaşlarım!
31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi günü seçilməsi təsadüf deyil. Bu gün – mənəvi sərhədlərinin bərpası yolunda yalın əllə bütün dünyaya meydan oxuyan xalqın həmrəylik təntənəsi kimi yaddaşlara həkk olunub. Bu yaddaşı qorumaq, gücləndirmək hər birimizin borcudur.

Hər birinizi bir daha təbrik edirəm və inanıram ki, milli hədəflərimizdə göstərəcəyiniz həmrəylik Azərbaycan adınadır və bu yolda hər birinizə uğurlar arzulayıram".