Özünü yandıran qız hamilə olub?- Həbs edilən oğlanın anası danışdı

“Mənim oğlumu şantaj edirlər”




Bakıda intihar edən qızın zorlanmasında günahlandırılan oğlanın anası mediaya danışıb


"Mənim oğlun günahkar deyil. Mən də bir valideyn kimi oğlumun günahkar olmamasını sübut etməyə çalışacağam. Mənim oğlumu şantaj edirlər".

Bu barədə Bir neçə gün öncə Bakının mərkəzində özünü yandıraraq intihara cəhd edən və sonradan dünyasını dəyişən 23 yaşlı Məlakə İntizam qızı Bayramlının günahlandırdığı Əli Həbiblinin anası Şəlalə Həbibova anspress-ə açıqlamasında bildirib.

Şəlalə Həbibova qeyd edib ki, Maləkə Bayramlının ölümündən çox kədərlənir: "Baxmayaraq ki, o qız məni doğulmağıma peşman etdi, bir ana kimi Məlakənin ölümünə çox pis oldum. Onun ölümünü heç istəməzdim. Ancaq onun ölümündə mənim oğlum günahkar deyil", - deyə Şəlalə Həbibova bildirib.

Şəlalə Həbibova oğlu üçün Məlakə Bayramlının qapısına elçi getməsi məsələsinə də aydınlıq gətirib. Qadın Məlakəgilə getdiyini, lakin elçilik etmədiyini vurğulayıb.

"Məlakə deyirdi ki, Əlidən hamilədir. Biz də onlara getdik ki, danışaq. Mən onun anasına dedim ki, əgər həqiqətən də, qızın oğlumdan hamilədirsə, söz verirəm onu alacaq. Bunun üçün körpə doğulmalıdır. Onu analiz etdirərik. Həqiqət üzə çıxar", - deyə Şəlalə Həbibova əlavə edib.

Qadın oğlunun haqsız yerə saxlanıldığını deyir. Onun sözlərinə görə, oğlunun həbsi ədalətsizlikdir və bu barədə hüquq-mühafizə orqanlarına müraciətlər edəcək.

Qeyd edək ki, Məlakə İntizam qızı Bayramlı yanvarın 30-da Bakının Səbail rayonu ərazisində özünü yandırmışdı. 20 yaşlı qız özünü yandırmamışdan əvvəl zorlandığı üçün bu addımı atdığını demişdi.

Baş Prokurorluğun məlumatına görə, 1990-cı il təvəllüdlü Lənkəran sakini Məlakə Bayramlı Əli Həbibli ilə aralarındakı mübahisəyə görə intihara cəhd edib. Məlakə Bayramlı 2013-cü ilin oktyabrına qədər MTN--nin Mühafizə Taborunda hərbi xidmətdə olmuş Əli Həbibli ilə dəfələrlə görüşərək yaxın ünsiyyətdə olub. Bir müddət sonra həmin şəxsin onu zorlaması barədə Hərbi Prokurorluğa müraciət edib. Amma sonrakı müraciətlərində o, əvvəl dediklərini təkzib edərək Əli Həbibli ilə artıq nişanlandıqlarını bildirib. Şikayətlərindən imtina edib.

Prokurorluq bildirir ki, zorlanma hadisəsi təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilib.

Baş Prokurorluq qeyd edir ki, adıçəkilən şəxslər nişanlanaraq bir müddət əlaqələrini davam etdiriblər. Sonradan aralarında yenidən münasibətlər pozulduğuna və ailə qurmadıqlarına görə Məlakə Bayramlı özünü yandırmaqla intihara cəhd edib. Məlakə Bayramlı fevral ayının 4-də xəstəxanada dünyasını dəyişib.

Fakt üzrə Səbail rayon Prokurorluğunda intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

AzNews.az