“Qocalar evi” ilə bağlı yayılan məlumatlara ƏƏSMN münasibət bildirib

"Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatda (Qocalar evi) dövlət himayəsində yaşayan tənha ahıl və əlillərdən guya 40 nəfərinin köçürülməsi barədə yayılan məlumatlar həqiqətəuyğun deyil".

Bunu APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elman Babayev deyib.

O bildirib ki, bəzi şəxslər bu məsələ ilə bağlı yalan məlumatlar açıqlamaqla cəmiyyətdə çaşqınlıq yaradırlar: "Dünən Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov özü həmin pansionata baş çəkib və 16 nəfərin nazirliyin tabeliyində olan digər sosial xidmət müəssisələrində yerləşdirilməsi barədə göstəriş verib".

E.Babayev qeyd edib ki, pansionata bundan əvvəl rəhbərlik edən şəxsin dövründə pansionatın təyinat profilinə uyğun olmayan şəxslər pansionata yerləşdirilib. Bu addım pansionatda məskunlaşan ahılların ciddi narazılığına da səbəb olub: "Həmin pansionat yaşı 63-dən yuxarı tənha vətəndaşlar üçün nəzərdə tutulub və bu pansionatda əvvəllər pansionatın əsasnaməsinə zidd olaraq daha aşağı yaşda olan insanlar da məskunlaşdırılıb. Bu gün həmin şəxslərin Nazirliyin Dövlət Sosial Təminat Xidmətinin rəisi Cingiz Əliyevin iştirakı ilə oradan köçürülməsinə başlanılıb. Cingiz Əliyev nazirin birbaşa tapşırığı ilə orada olub, həmin şəxslərin köçürülməsi, əşyalarının daşınması üçün xüsusi maşınlar tutulub. Bu baxımdan onların əşyalarının götürülməsinə imkan verilməməsi və başqa bu kimi səslənən iddialar tam əsassızdır".

E.Babayev bildirib ki, həmin 16 nəfər şəxsin oradan köçürülməsini pansionatın sakinləri, eləcə də köçürülən şəxslər razılıqla qarşılayıblar.


AzNews.az