Qafqazın şeyxi: “Ermənilər bu faciəyə görə cavab verəcək”


"Vaxt gələcək, ermənilər Xocalı əhalisinə və Azərbaycan xalqına qarşı törətdiyi faciələrə görə cavab verəcək".


AzNews.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə "Xocalı Soyqrımı Xalqın əbədi yaddaşındadır: "Xocalıya Ədalət" adlı konfransda çıxışı zamanı deyib. O bildirib ki, Xocalı soyqırımına bu gün dünya ictimaiyyəti lazımi qiyməti verməsə, sabah belə soyqırım başqa bir xalqın azadlığına, rifahına qarşı çevriləcək: "Bu faciə Azərbaycan xalqının müstəqilliyini istəməyən qəsbkar qonşumuzun və onun arxasında dayanan qüvvələrin əməli olub. Xocalıda dinc əhali şəhid olub. Ermənilər onlara qarşı vəhşi hərəkətlər edib, meyidlərinin üzərindən maşınla keçiblər".

Şeyxülislam xatırladıb ki, həmin illərdə Azərbaycanda vəziyyət normal olmayıb və Xocalı faciəsi də belə bir dövrdə törədilib: "Hələ də Azərbaycanın 20 faiz əraziləri işğal altındadır. Bu gün dünyanın bir çox dövlətləri və təşkilatları bu faciəyə münasibət bildirib".

Amid
AzNews.az