Ailəsi: “Ramiz Əzizbəyli ağır durumdadır”

"Heç bir səhiyyə orqanının Ramiz Əzizbəylini müalicə etməkdən boyun qaçırmağa ixtiyarı yoxdur. Avtomobil qəzası keçirən və son günlər səhhəti daha da pisləşən Xalq artisti Ramiz Əzizbəyli sabah xəstəxanaya yerləşdiriləcək".

Bu sözləri "Axar.az"a açıqlamasında "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov dedi. Onun sözlərinə görə, fevralın 21-dən etibarən aktyorun müalicəsinə başlanılacaq. M.Hətəmov qeyd etdi ki, rəhbərlik etdiyi qurumun müraciəti olmasa belə, heç bir səhiyyə orqanı R.Əzizbəylini müalicə etməkdən boyun qaçıra bilməz: Sabah xəstəxanaya yerləşdiriləcək "Elə bir şey ola bilməz ki, Ramiz Əzizbəylini hansısa xəstəxanaya aparsınlar və xəstəxana onu müalicə etməkdən boyun qaçırsın. Buna heç bir səhiyyə orqanının ixtiyarı yoxdur ki, elə bir aktyoru geri qaytarsın. Mən dünən Ramiz bəyin yaxın dostu ilə əlaqə saxlamışam. Bu barədə heç bir söz demədi mənə. Elə bu dəqiqə də Ramiz bəyin xanımı ilə əlaqə saxladım. Özü şəxsən dedi ki, sabah Mərkəzi Klinik Xəstəxanasının yanındakı poliklinikaya yerləşdiriləcək. Özünə də bildirdim ki, nə köməklik lazımdırsa, biz hazırıq. Sabah biz də çalışacağıq ki, orada olaq". M.Hətəmovun sözlərinə görə, rəhbəri olduğu qurum bütün incəsənət nümayəndələri ilə maraqlanır: "Biz özümüz hər biri ilə əlaqə saxlamağa çalışırıq. Bu yaxınlarda Ramiz Əzizbəylinin yubiley gecəsini də qeyd etdik. Bundan sonra da ona və onun kimi digər bütün aktyor və aktrisalarımıza hansı köməklik lazımdırsa etməyə hazırıq". "Aktyoru köməksiz qoymayacağıq" Mədəniyyət və Turizm Nazirliyindən isə hansısa köməkliyin edilib-edilməməsi ilə bağlı məlumatın olmadığı bildirildi. Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun sözlərinə görə, belə bir çətin vəziyyətdə aktyoru köməksiz qoymayacaqlar. Qeyd edək ki, aktyorun durumu ilə bağlı aktyorun xanımı mətbuata məlumat verib. O, bildirib ki, hazırda R.Əzizbəylinin səhhəti yaxşı deyil. Aktyor danışa bilmir, ayaqları tutulub. Ev şəraitində müalicə etmək isə çətindir: "Xəstəxanaya da yerləşdirməyə pul lazımdır, imkanımız yoxdur. Kömək üçün heç kəsə müraciət etməyəcəyik. Ramiz belə şeyləri heç vaxt xoşlamayıb. Məhz bu səbəbdən də kiməsə deməmişik. Həkimlər də gəlib baxır. İndi onun vəziyyətinin necə olacağını da bilmirik".


AzNews.az