Nərimanovda Zərifə Əliyevanın 91 illiyi qeyd edildi- FOTOLAR

Nərimanov rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü qeyd edilib.

AzNews.az xəbər verir ki, akademikin 91 illiyi ilə bağlı Nərimanovda yerləşən Zərifə Əliyeva adına uşaq bağçasında anım tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan uşaq bağçasının müdiri Sevinc Mustafayeva böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan danışıb. O, deyib ki, Z. Əliyeva bu yolda qiymətli nümunəyə çevrilərək fəaliyyəti ilə elmə işıq saçıb, yeni-yeni ziyalı nəsillər üçün örnək olub. S. Mustafayeva qeyd ki, Azərbaycan təbabət elminin tanınmış simalarından olan Z. Əliyevanın göz xəstəliklərinə dair təliminə yiyələnmiş yeni nəslin nümayəndələri bu əvəzolunmaz alimin işıqlı elmi ideyalarını hər zaman yaşatmaqdadırlar.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova akademikin dünya təbabətinə verdiyi tövhələrdən söz açıb: "Dünya oftalmoloqları akademik Zərifə Əliyevanı öz sıralarında görmüş, onu bu elmin ön cərgəsində qəbul ediblər. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsi və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Zərifə xanım mərhum prezident Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə, Azərbaycanın görkəmli dövlət xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda onun köməyinə çatıb. O, mərhum prezident Heydər Əliyevin fəaliyyəti boyunca qarşılaşdığı bütün çətinlikləri onunla paylaşıb".

Yeni Azərbaycan Partiyası Nərimanov rayon Təşkilatının sədri Təmraz Tağıyev isə çıxışında bildirib ki, oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan Zərifə Əliyeva Azərbaycan qadını kimi milli elm tarixinə sanballı möhürünü vurub.

Tədbirdə cəmiyyətin tükənməz rəğbətini qazanan Zərifə xanım Əliyevanın qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağı, daim dərin ehtiramla, rəğbətlə anılacağı diqqətə çatdırılıb.

Sonda isə Zərifə Əliyevanın zəngin elmi yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib. Bağça uşaqlarının və əməkdaşlarının ifasında səslənən akademikə həsr olunan şeirlər onun parlaq obrazını göz önündə canlandırıb. Balaca istedadların ifa etdiyi rəqslər tədbir iştirakçılarına xoş təəssüratlar bağışlayıb.


Xəyalə
AzNews.az
image description image description image description image description