Tanınmış jurnalistdən KİVDF-yə təklif: Saytlara maliyyə yardımı ayrılsın

AzNews.az xəbər verir ki, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) bu gün keçirilən qurultayında tanınmış jurnalist Seymur Verdizadə çıxışı zamanı mətbuatın bəzi problemlərinə toxunub.

O, deyib kİ, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması mütərəqqi addımdır. Amma Fond fəaliyyət konsepsiyasına yenidən baxmalı, qəzetlərlə yanaşı, saytlar və jurnalist təşkilatlarına da maliyyə ayrılmalıdır:

"Cənab Prezident KİVDF-ni ayrı-ayrı qəzetlərin baş redaktorlarının rifah halını yaxşılaşdırmaq üçün yaratmayıb. KİV Fondunun fəaliyyəti bütövlükdə mətbuatın inkişafına xidmət etməlidir. Ötən il təkcə 10-a yaxın qəzetın hər biri KİVDF-dən üst-üstə 120 min manat maliyyə yardımı alıb. Araşdırsaq görərik ki, həmin qəzetlərin əksəriyyətinin real olaraq 200-300 oxucusu yoxdur, abunə hesabına ayaqda dururlar. Amma Azərbaycanda Musavat.com, Lent.az, Qafqazinfo.az, Modern.az, AzNews.az, Axar.az, Azxeber.com və digər saytlar var ki, onların gündəlik ziyarətçi sayı 20-50 min arasında dəyişir. Təklif edirəm ki, KİV Fondu bu saytlar üçün də maliyyə yardımı ayırsın. O cümlədən, APA, "Trend", Azadinform, MİA və digər informasiya agentlikləri də Fondun imkanlarından yararlanmalıdır".

S.Verdizadə jurnalist təşkilatlarının fəaliyyətinə də toxunub. Qeyd edib ki, KİV-lərlə yanaşı, jurnalist təşkilatlarının inkişafına diqqət ayrılmalıdır:

"Ölkədə fəaliyyət göstərən jurnalist təşkilatları yalnız Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyə vəsaiti ala bilirlər. Jurnalist təşkilatları ayaqda qaldıqları üçün QHT Şurasının sədri, millət vəkili Ayaz Quliyevə minnətdar olmalıdırlar. Əvvəllər KİVDF də jurnalist təşkilatlarının mətbuatla bağlı layihələrini maliyyələşdirirdi. Amma nədənsə son illər bu məsələyə barmaqarası yanaşılır. Təklif edirəm ki, qəzetlər üçün nəzərdə tutulan illik 120 min manat vəsaitin heç olmasa 10 faizi jurnalist təşkilatları üçün ayrılsın. Jurnalist təşkilatlarının güclənməsi ölkədə KİV-lərin inkişaflna töhfə verə bilər".


AzNews.az