Məhkəmə sədrinin tikinti biznesi– “Yıxılmış” evlərdən qazanılan milyonlar

Binəqədi Rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyev rayonda "biznes piramida"sı qurur. AzNews.az-a daxil olan məlumata görə, S. Hacıyev bu biznesini bir neçə istiqamətdə inkişaf etdirir. İddia olunur ki, o, evləri sökülmək təhlükəsi ilə üzləşən şəxslərlə torpaqların özəlləşdirilməsi ilə məşğul olan vasitəçilərin köməkliyi iş birliyinə girir və bu məsələlərlə bağlı verilən məhkəmə qərarlarından külli miqdarda mənfəət əldə edir.

Elə buna görə də rayonun "baş hakimi"nin əsas qazanc yeri Binəqədidəki qanunsuz tikilən evlərin sökülməsi və ya yeni evlərin tikilməsi prosesidir. Başqa bir məlumata görə isə S. Hacıyev SOCAR və rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz tikinti sahibləri arasında olan çəkişmələrdən öz maraqlarına uyğun yaxşıca istifadə edir.

Xüsusi vasitəçilərin köməkliyi ilə lazım olan maddi gəliri qəbul edən S. Hacıyevin göstərişi ilə rayon Məhkəməsində ev sahiblərinin xeyrinə qərarlar çıxarılır. Məsələnin daha maraqlı tərəfi isə son vaxtlar S. Hacıyevin özünün də tikinti biznesinə girişməsidir. Belə ki, məhkəmə sədri rayonun tikinti üçün qadağan olunmuş ərazilərində yeni evlərin inşası ilə də məşğul olur, hətta onlara aidiyyəti qurumlara təzyiq eləməklə sənəd də alır. Tikinti dəllalları ilə iş birliyinə girən sədr evin sökülməsi üçün yerli icra strukturlarının və SOCAR-ın əməkdaşlarını çıxılmaz vəziyyətə salır (Məlum olduğu ki, rayon ərazisində əsas mübahisəli tikinti yerləri ŞOCAR-a məxsusdur). O, məhkəmənin qərarları ilə hər iki qurumu "mat" vəziyyətinə salır. Beləcə, S. Hacıyevin "hakim"lərinin qərarları onun tikinti biznesini də hər gün inkişaf etdirir. Məlumata görə, bütün bunlar isə rayon rəhbərliyi tərəfindən ciddi narazılıqla qarşılanır.

Lakin bunlar S. Hacıyevin əməllərinin qarşısını almağa kifayət etmir. Çünki narazı tərəflərin məhkəmə sədrinə təsir mexanizmi yoxdur. Əksinə, bakının ən çox qanunsuz tikintiləri olan bu rayonun rəhbərliyi "baş hakimin" ərköyünlüyünə dözməyə çalışır.
Bu ittihamlarla bağlı məhkəmə sədrinin fikirlərini öyrənməyə çalışdır, lakin o, zənglərimizə cavab vermədi.

AzNews.az