Qəzet köşkünün boş qalan yeri

Natiq Məmmədli

Bizim "Şərifzadə" küçəsində "Jasmin" mağazasının böyründə bir qəzet köşkümüz var idi. "İdi" ona görə ki, iki-üç gün olar həmin köşkü götürüblər və yerində böyük bir BOŞLUQ qalıb. Bunu ona görə xatırlatmıram ki, Abbas Mirzənin adını daşıyan böyük küçənin hər tinində, camaatının eyvanının, pəncərəsinin qabağının kəsilməsi, ağacların gecəylə qırılması hesabına obyekt qaralayan səlahiyyətli şəxslər həmin boşluqda da nəsə "toçka" düzəltsinlər. Hərçənd ki, bu da istisna deyil. Görməmişliyin bu boyda miqyas almağının dünyada tayı-bərabəri yoxdu. Həmin qəzet köşkünün yerindəki boşluq isə mənəviyyatın boşluğudur və orada kimin nə tikməsindən asılı olmayaraq insanlar həmin yeri görməmişliyin simvolu kimi barmaqla göstərəcəklər.

Bizim "Şərifzadə" küçəsində bir qəzet köşkümüz var idi. Adına "Aslanın köşkü" deyərdik. Aslan yavaş-yavaş yox sürətlə qocalmaqda olan, ortaboylu, saçları tökülmüş, qarayanız, suyu da, dili də şirin bir kişidi. Hər gün bütün qəzetləri oxuyur, son iyirmi ildə məqaləsi, köşəsi çıxan bütün imzaların hamısını tanıyır. Arada axşamlar işdən çıxanda yolumun üstü olduğundan onun rəhmətlik köşkünün qabağında dayanıb uzun-uzadı söhbətlər edərdik. Hansısa yazım haqqında danışar, hətta qəzetdəki hərf səhvlərini də göstərərdi. Qəribə gələn o idi ki, Aslan xoşuna gələn yazların bütöv abzaslarını şeir kimi əzbərdən deyirdi. Eyni zamanda ədəbiyyat həvəskarı olduğundan bəzən söhbətin səmtini nəsrə, poeziyaya tərəf yönləndirərdi. Niyə onun haqqında keçmiş zamanda danışıram? Görünür mən Aslanı heç vaxt köşkündən uzaqda görməmişəm. Orta əsrlərdə qılınc oynadan türkü atsız təsəvvür eləmək mümkün olmadığı kimi Aslanı da köşksüz təsəvvür eləmək mümkün deyil. Atsız türk dünyanı fəth eləyə bilərmi? Köşksüz Aslan yaşaya bilərmi?

Bizim "Şərifzadə" küçəsində bir qəzet köşkümüz var idi. Xalq yazıçısı Sabir Əhmədli "Qələbə"nin "kruqundakı" mənzilinə köçməmişdən əvvəl uzun illər bu küçədə yaşayıb. Həmişə səhərlər onu "Aslanın köşkü"ndən qəzet alan, bir xeyli adamla söhbətləşən görərdim. Ağsaqqal həmkarımız, əməkdar jurnalist Yusif Kərimov da orada yaşayır, yazısı getdi-getmədi bizim qəzeti Aslandan alardı. Ümumiyyətlə, xırda-xuruş şeyləri çıxmaqla Aslan peşəkar qəzet satan idi, özü də bu işi həvəslə, ürəklə görürdü. Məsələn, neçə dəfə şahidi olmuşam kimsə yaxınlaşıb qəzetlərə baxanda, onların nədən yazdığını, hansında maraqlı nəsə getdiyini söyləyər, müştərini həvəsləndirərdi. Gələn il mənim əlimə qələm alıb qəzetdə işləməyə başlamağımın iyirmi ili tamam olacaq. İlk məqaləm çıxan qəzeti 1995-ci ilin oktyabrın 17-də Aslandan almışdım, elə o vaxtdan bu balaca köşkün daimi sakinlərindən birinə çevrilmişdim.

Bizim "Şərifzadə" küçəsində bir qəzet köşkümüz var idi. Dünən ordan keçəndən onun boş qalan yerində Aslanın təkbaşına oturub qəzet oxuduğunu gördüm. Yaxınlaşıb həmişəki kimi hal-əhval tutmaq istədim, söhbətə nədən başlamaq lazım gəldiyini bilmədim. Mən dayandığım müddətdə nəsli kəsilməkdə olan qəzet alanların eləcə mənim kimi ayaq saxladığını və deməyə söz tapmadıqlarını müşahidə elədim. İnsanların hisslərini sözlə ifadə edə bilməməsi, dərdini deməyə söz tapamaması çox təhlükəlidi. Qəzet oxumaq üçün köşk yox, kitab almaq üçün mağaza yox. Qəzetin, kitabın alternativi nədi, bilirsinizmi?

Bizim "Şərifzadə" küçəsində bir qəzet köşkümüz var idi. Orada tək qəzet almırdıq həm də oxucularla görüş yeri idi desəm səhv eləmərəm. O köşkün qabağında ara-sıra nə qədər maraqlı söhbətlər olardı. Bütün söhbətlərin sonu da belə notlarla qurtarardı – bu işlərin axırı nə olacaq. Bu da axırı, köşkü götürdülər yerində boşluq qaldı. Hamımız yaxşı bilirik ki, cahillik cəmiyyətin, ümumiyyətlə bəşəriyyətin düşmənidi. Biri var üzü qırxılmış, səliqəli geyimdə, kitabdan-dəftərdən xəbəri olan adamla oturub nəsə söhbət edəsən, biri də var uzun saqqalı, qəzəb parlayan baxışlarla sənə baxan, kitab-dəftər arası açmayan küt adama nəyisə izah etməyə çalışasan. Axı biz nəyin pis, nəyin yaxşı olduğunu seçməyə imkanı olan adamlarıq. Bəs onda bu nə yoldu gedirik? Qəzet köşkünün yerindəki boşluğu doldurmaq üçün nə təklif edəcəklər bilmirəm, amma çox istərdim ki, göstərdikləri yol qısa olsun. Onsuz da o yolu yenidən qayıtmaq lazım gələcək.

Bizim "Şərifzadə" küçəsində bir qəzet köşkümüz var idi…